De Byazidən qələbə ŞƏRHİ

 23:17 02.06.2021     83

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi bu gün Belarus yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Redaktor.az xəbər verir ki, italyan mütəxəssis Minskdə 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Ağır oyun oldu. Oyunu xilas edə bildik, əziyyətli qələbə qazandıq. Oyunun böyük hissəsinə biz nəzarət edirdik. Nəticədən razı qaldım, amma yenə lazımsız səhvlər etdik. Xoşuma gəlməyən məqamlar oldu. Xüsusən, qol epizodunda böyük səhvə yol verdik. Qapı istiqamətinə 22 zərbə vurmuşuq, amma bunlardan 3-ü hədəfə gedib.

Bədavi Hüseynov millidə ilk qolunu vurdu. 3 gün öncə onunla söhbətimizdə qol vurmağın vaxtı gəldiyini demişdim. Sevindirici haldır ki, fərqlənməyi bacardı. Həyatda hər şeyə inanmaq lazımdır. Əgər inansan, hər şey mümkün ola bilər. Onun yaxşı keyfiyyətləri var. Əsasən standart vəziyyətlər zamanı.

Bu gün debüt edən və sonradan oyuna daxil olan oyunçulara gəlincə, çox yaxşı təsir bağışladılar. Hər birindən çox razı qaldım. Bu futbolçular bizim gələcəyimizdir”. //Qafqazinfo