Azərbaycan Qran-prisi başa çatıb

 18:38 06.06.2021     84

“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi müəyyənləşib.

Redaktor.az-ın məlumatına görə, Bakıda keçirilən mövsümün altıncı mərhələsində “Red Bull” komandasının pilotu Serxio Peres birinci yeri tutub.

Komanda yoldaşı Maks Ferstappenin qəzaya uğraması səbəbindən ilk sıraya yüksələn meksikalı pilot liderliyini sona qədər qoruyaraq, mövsümdə ilk qələbəsini qazanıb.

“Mercedes”in pilotu Luis Hamilton sona 3 dövrə qalmış yanlış istiqamətə getdiyindən, “Aston Martin”dən Sebastyan Fettel ikinci yeri tutub.

“Red Bull” pilotu qalib gəlməklə son iki Azərbaycan Qran-prisini qazanan “Mercedes”in Bakıdakı uğurlu seriyasına son qoyub.

Finişə isə 20 pilotdan 17-si çatıb. Beləliklə, 3 gün davam edən yarışa yekun vurulub.

Qeyd edək ki, 2016-cı ildə Avropa Qran-prisinin (həmin vaxt belə adlanırdı) birincisi “Mercedes”in pilotu Niko Rosberq olub. Azərbaycan Qran-prisi adlandıqdan sonra növbəti 3 ildə isə müvafiq olaraq, Daniel Rikkardo (“Red Bull”), Luis Hamilton (“Mercedes”) və Valtteri Bottas (“Mercedes”) qalib adına yiyələnib. //APA