Millimiz Moldovaya məğlub olub

Futbol üzrə Azərbaycan millisi bu gün təlim-məşq toplanışı çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib.
Redaktor.az-ın məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu komanda Moldova yığmasının qonağı olub.
Kişineudakı "Zimbru" stadionunda oynanılmış qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 8-ci dəqiqədə Vitali Damaşkan vurub.
Azərbaycan yığması oyunun böyük hissəsini hücumda keçirməsinə baxmayaraq, hesabı dəyişə bilməyib. Üstəlik, 81-ci dəqiqədə Bədavi Hüseynov zədələnərək, meydanı tərk etdikdən sonra əvəzləmə limiti tükəndiyi üçün komanda matçı 10 futbolçu ilə başa vurmalı olub.
Beləliklə, iki kollektiv arasında sayca 11-ci görüşdə Moldova dördüncü qələbəsini qazanıb. Azərbaycanın isə cəmi 2 qələbəsi var. Bu, həm də 9-cu yoldaşlıq matçı olub.
Hazırda rəqib komandaya "Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordin rəhbərlik edir.
6 iyun
Yoldaşlıq oyunu
20:00. Moldova - Azərbaycan - 1:0
Qol: Vitali Damaşkan, 8
Kişineu, "Zimbru" stadionu
Baş hakim: Marian Alexandru Barbu
Baş hakimin köməkçiləri: Vladimir Urzica, Mircea Orbulet
Dördüncü hakim: İon Orliç (hamısı Rumıniya)
Qeyd edək ki, daha əvvəl Alanyada Türkiyə yığmasına 1:2 hesabı ilə uduzan Azərbaycan millisi ardınca Minskdə Belarusu eyni hesabla yenib. //Report.az