AVRO-2020: 1/4 final mərhələsi başlayır

 05:21 02.07.2021     70

Bu gün AVRO-2020-də 1/4 final mərhələsinə start veriləcək.

Redaktor.az xəbər verir ki, yarımfinalçılar iki gün ərzində baş tutacaq 4 matçda müəyyənləşəcək.

1/4 finalın ilk qarşılaşması Rusiyada baş tutacaq. Sankt-Peterburqda təşkil olunacaq matçda üçqat Avropa çempionu İspaniya AVRO-2020-nin ən böyük sensasiyasının müəllifi İsveçrəni sınağa çəkəcək.

Günə Münhendə yekun vurulacaq. FİFA reytinqinin lideri Belçika 53 ildən sonra qitə çempionu olmaq arzusunda olan İtaliya ilə üz-üzə gələcək.

Bu mərhələnin bir qarşılaşması Azərbaycanda baş tutacaq. 1/4 finalın ikinci oyun günü Bakı Olimpiya Stadionunda başlayacaq. Hərəyə bir dəfə Avropa çempionu olan Danimarka və Çexiya (çempionluğu Çexoslovakiya kimi qazanıb) milliləri yarımfinala vəsiqə üçün mübarizə aparacaq.

Mərhələyə Romada yekun vurulacaq. İndiyədək heç vaxt Avropa çempionu olmayan İngiltərə Ukrayna ilə qarşılaşacaq. Yarımfinal və finala ev sahibliyi edəcək futbolun yaradıcıları həlledici görüşlərə vəsiqə qazanmağa çalışacaq.

Qeyd edək ki, yarımfinal oyunları iyulun 6-7-də keçiriləcək. //Apasport.az

AVRO-2020
1/4 final
2 iyul

20:00. Sankt-Peterburq. İsveçrə - İspaniya
23:00. Münhen. Belçika – İtaliya
3 iyul
20:00. Bakı. Çexiya – Danimarka
23:00. Roma. Ukrayna – İngiltərə