"Eriksen bizimlə olmalı idi" - HÜLMAND

 01:36 04.07.2021     248

"Oyuna yaxşı başladıq. Gözlədiyimiz kimi ağır qarşılaşma alındı. Rəqib ikinci yarıya yaxşı start verdi".

Redaktor.az xəbər verir ki, bu fikirləri Danimarka millisinin baş məşqçisi Kasper Hülmand Bakıda Çexiyaya 2:1 hesabı ilə qalib gəldikləri Avropa çempionatının 1/4 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, Çexiya seçməsi oyun ərzində əzmkarlıq göstərib:

"Rəqibin bizə təzyiq göstərməsinə baxmayaraq, qalib olduq. Yarımfinalda çıxış edəcəyimiz üçün qürurluyam. Xalqımızın bizə verdiyi dəstək çox vacib idi. Ümid edirəm ki, oyunumuz hamının xoşuna gəlib".

O, iyunun 12-də Finlandiya ilə B qrupunun ilk görüşündə huşunu itirən Kristian Eriksen haqqında danışıb: "O, burada olmalı idi. Biz həmişə Eriksen haqqında fikirləşirik və onu da "Uembli"də görmək istəyirik".

Qeyd edək ki, Danimarka yarımfinalda Ukrayna - İngiltərə cütünün qalibi ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 7-də İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda gerçəkləşəcək. //Axar.az.