Böyük hesabla uduzan “Neftçi” avrokubokla vidalaşıb

 23:52 26.08.2021     89

Azərbaycan çempionu “Neftçi” avrokuboklarla vidalaşıb.

Redaktor.az-ın məlumatına görə, Bakı klubu mübarizəni Konfrans Liqasının pley-off mərhələsində dayandırıb.

Bunadək Çempionlar Liqası və Avropa Liqasına vida edən Samir Abasovun yetirmələri qitənin 3-cü dərəcəli klub turnirində də uğursuzluqla üzləşib. Paytaxt təmsilçisi İsrail “Makkabi”sini keçə bilməyib.

Bakıda 3:3 hesablı məhsuldar heç-heçə oynayan rəqiblərin Hayfadakı duelinin taleyi artıq ilk 45 dəqiqədə həll olunub. “Makkabi” 2 qol vuraraq fasiləyə üstün yollanıb.

İlk yarıda olduğu kimi ikinci hissədə də meydan sahibləri öz oyununu diqtə edib. Fərqi artırmağa müvəffəq olan hayfalılar böyükhesablı qələbə qazanıb. Bu, “Neftçi”nin səfərdə üzləşdiyi ardıcıl ikinci biabırçı darmadağındır.

Qeyd edək ki, “Neftçi” Çempionlar Liqasında Tbilisi “Dinamo”sunu (2:1, 2:1) keçdikdən sonra “Olimpiakos”a (0:1, 0:1), Avropa Liqasında isə HİK-ə (2:2, 0:3) uduzub.