"Qarabağ" qrup mərhələsinə yüksəlib - Konfrans Liqası

 00:47 27.08.2021     93

“Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.

Redaktor.azn məlumatına görə, Ağdam klubu Konfrans Liqasında pley-off mərhələsinin cavab matçına çıxıb.

Qurban Qurbanovun yetirmələri Şotlandiyada “Aberdin”lə qarşılaşıb. Ötən həftə Bakıda keçirilən ilk görüşdə 1:0 hesablı qələbə qazanan “Qarabağ” bu dəfə də qalib gəlib.

Ağdamlılar cütün taleyinə artıq ilk yarıda aydınlıq gətirib. Fasiləyədək iki qol vuran Qurbanovun komandası ikinci yarıda fərqi daha da artırıb. Bununla da təmsilçimiz səfərdə də qələbəyə sevinib. Böyük britaniyalılar yalnız uzatma dəqiqələrində penalti ilə təsəlli qoluna sevinərək darmadağından xilas olub.

Azərbaycan Premyer Liqasının vitse-çempionu bununla da Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Bu, klubun tarixində ardıcıl 8-ci qrup mərhələsi olacaq. Ağdamlılar bir dəfə Çempionlar Liqası, 6 dəfə Avropa Liqasında əsas raunda yüksəlib.

Qeyd edək ki, “Qarabağ” əvvəlki mərhələlərdə İsrail “Aşdod”u (0:0, 1:0) və Kipr AEL-i (1:1, 1:0) mübarizədən kənarlaşdırıb.