Azərbaycan millisi yenə baş məşqçi ilə yollarını ayırır?

 14:02 04.09.2021     164

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi cari seçmə mərhələnin sonunda tutduğu postu tərk edə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə İrlandiyanın “İndependent” nəşri yazdığı xəbərdə bildirib:

“Həftə ortası Lüksemburqla matçda Rüstəm Əhmədzadə və Mahir Emreli kimi gənclər ehtiyatda qalarkən, 30 yaşda milliləşdirilmiş Əli Qurbani və Filip Ozobiçin oynadılması suallara səbəb oldu. De Byazi Dublin səfərində dəyişikliklər edəcək. Ancaq dəyişiklik imkanları məhduddur və səbirlər artıq tükənib. O, böyük ehtimalla, Azərbaycanı Albaniya xalqının ona bəxş etdiyi sevgi olmadan tərk edəcək”.

Xatirladaq ki, De Byazi daha öncə Albaniya yığmasını çalışdırıb. Həmin müddətdə yetirmələrini Avropa çempionatının qrup mərhələsinə çıxararaq böyük rəğbət qazanmışdı.

Qeyd edək ki, Canni De Byazi ötən ilin avqustunda AFFA ilə müqavilə bağlayıb. Müqavilənin şərtlərinə əsasən, italiyalı məşqçinin millimizdə iş müddəti UEFA Millətlər Liqasının ötən mövsümü və 2022-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsini əhatə edir.

Onu da bildirək ki, hazırda üç matçdan sonra xalsız və qrupda sonuncu olan Azərbaycan millisi cari seçmə mərhələdə son oyununu noyabrın 11-də Bakıda Lüksemburqa qarşı keçirəcək. //Oxu.az