Namik Ələskərovun komandası baş məşqçi ilə vidalaşıb

 19:10 19.09.2021     579

Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi Türkiyə "Bursaspor"u baş məşqçisi Fatih Tekke ilə yollarını ayırıb.

Redaktor.az xəbər verir ki, 44 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Buna I liqada mübarizə aparan komandanın uğursuz çıxışı səbəb olub. Bursa təmsilçisi Tekkenin başçılığı altında meydana çıxdığı 4 oyunda cəmi 4 xal toplaya bilib.

"Bursaspor" IV turda bu gün "Tuzlaspor"un qonağı olub. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Meydan sahibləri 33-cü dəqiqədə azlıqda qalıblar. Görüşə start heyətində başlayan Ələskərov 49-cu dəqiqədə komandasına penalti qazandırsa da, topa yaxınlaşan Massimo Bruno fürsəti boşa verib.

Qeyd edək ki, Fatih Tekke avqustun 24-də "Bursaspor"a baş məşqçi təyin olunmuşdu. //Report