"Belqrada ancaq qızıl medal üçün getmişdim" - Dünya çempionu

 22:54 04.11.2021     416

"Şadam ki, Vətənə qızıl medalla döndüm. Bu il bizim üçün uğurlu oldu. Səhvlərimiz var, onların üzərində işləyib daha böyük uğurlara imza atmaq lazımdır".

Redaktor.az xəbər verir ki, bu fikirləri "report"a Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılama zamanı deyib.

67 kq çəki dərəcəsində çıxış edən 19 yaşlı idmançı öncədən çempion olacağına inandığını bildirib: "Mən oraya ancaq qızıl medal üçün getmişdim. Buna da nail olduq".

Cəfərov çiynindəki zədəsi barədə də danışıb: "Məşqçilər korpusu dedi ki, yarışa getmə. Mən də demək olar ki, məşq etmirdim. Lakin federasiya rəhbərliyi məsləhət gördü ki, getmək lazımdır. Yarışa 3-4 gün qalmış yekun qərara gəldik. Çiynim ağrısa da, mən Belqrada qızıl medal üçün getmişdim. Ağrı heç yadıma da düşmürdü".