"Mən qalib olmaq üçün doğulmuşam" - Alveş

Beş illik fasilədən sonra "Barselona"ya qayıdan Dani Alveş hədəflərindən danışıb.
Redaktor.az xəbər verir ki, 38 yaşlı müdafiəçi "Mundo Deportivo"ya açıqlamasında komandanın əsas üzvü olmaq üçün Kataloniya klubuna gəldiyini deyib: "Mən ikinci olmaq üçün doğulmamışam. Mən qalib olmaq üçün doğulmuşam. Bura yaxşı vaxt keçirməyə gəlməmişəm. Oynamağa və heyətdə yer almaq üçün mübarizə aparmağa gəlmişəm.
Çox çalışıram və buna görə də komandaya fayda verə bilərəm. Kənardan da kömək edə bilərdim, amma daha yaxşısı, bunu daxildən etməkdir".
Braziliyalı futbolçu fərqli mövqedə çıxış edəcəyini də qeyd edib: "Xavi ilə danışdıq. Bəli, mən cinah müdafiəçisiyəm, amma özümə sərhəd qoymuram. İndi yarımmüdafiəçi mövqeyində məşq edirəm.
Heyətdə yer almaq üçün keçmişdə əldə etdiklərimə görə deyil, oynamaq istəyimə görə mübarizə aparacam. Mən bu formanı geyinmək hüququnu qazanacağam”.
Xatırladaq ki, Braziliya millisinin üzvü 2008-2016-cı illərdə də "Barselona"da oynayıb və 23 titul qazanıb. O, son klubu "San Paulu"dan sentyabrda ayrılıb.