“Qəbələ” yarımfinala vəsiqə qazandı
Fevralın 13-də futbol üzrə Azərbaycan kubokunda dörddəbir final mərhələsinin daha bir cavab görüşü keçirilib.
Redaktor.az xəbər verir ki, "Qəbələ" doğma meydanda "Sumqayıt"la qarşılaşıb. Oyun 1:1 hesabı ilə yekunlaşıb.
Matçda ilk qolu meydan sahibləri vurublar. Qarşılaşmanın 18-ci dəqiqəsində İsnik Alimi adını tabloya yazdırıb. Qonaqların bərabərlik qoluna isə yeni transfer edilən Araz Abdullayev imza atıb. Oyunun 82-ci dəqiqəsində penaltidən fərqlənən 30 yaşlı yarımmüdafiəçi Azərbaycana qayıdışını qolla qeyd edib.
İlk oyunda 1:0 hesablı qələbə qazanmış "Qəbələ" doğma meydandakı heç-heçədən sonra yarımfinala adlayıb. "Qırmızı-qaralar"ın bu raunddakı rəqibi "Qarabağ" klubu olacaq.
Qeyd edək ki, dörddəbir finalın son matçında "Zirə" klubu "Səbail"in qonağı olacaq. Görüş 18:00-da başlayacaq. "Qartallar" ilk matçda rəqibini 4:0 hesabı ilə darmadağın edib. Cütün qalibi yarımfinalda "Neftçi"yə rəqib olacaq.












