“Çelsi” mövsümü yarıda bitirə bilər - Futbolçular klubu tərk etmək istəyir
Sərt sanksiyalara məruz qalan İngiltərə “Çelsi”si mövsümü yarımçıq dayandıra bilər.
Redaktor.az xəbər verir ki, klub rəhbərliyi bununla bağlı Böyük Britaniya hökumətinə xəbərdarlıq edib.
"Barclays” bankının klubun hesablını dondurmasından sonra London təmsilçisinin vəziyyəti daha da ağırlaşıb. Komanda gələn həftənin sonunadək satılmasa durum daha acınacaqlı olacaq.
“Çelsi” stadionda mühafizəçi və stüardların xərclərini də ödəyə bilmir. Bu da oyunların təşkilini sual altına salır. Londonlular məhdudiyyətlərə yenidən baxılacağına ümid edir. Kluba hər matça 500 min funt sterlinq xərcləməyə icazə verilib. Lakin Premyer Liqada bir görüş üçün 800 mindən 1 milyona qədər vəsait tələb olunur. “Çelsi” rəhbərliyi çıxış yolu kimi azarkeşlərsiz oynamağı görür.
Bu arada, məlum olub ki, "Çelsi"nin bəzi futbolçuları kluba qoyulan qadağalar səbəbindən klubu tərk etmək istəyirlər.
Bəzi oyunçular Britaniya hökumətinin Roman Abramoviçə tətbiq etdiyi sanksiyalar səbəbindən klubun bank hesabını bloklanmasına, transfer qadağası almasına və bilet satışı edə bilməməsinə görə narahatdır. Onlar komandanın maliyyə vəziyyətinin pisləşəcəyini düşünürlər.
Adı açıqlanmayan oyunçuların menecerləri müqavilələrinə xitam verilməsi imkanlarını müzakirə etmək üçün vəkillərlə əlaqə saxlayıblar. Klub maaşları gecikdirməyə başlayarsa, futbolçular tərəfindən müqavilənin pozulması variantı nəzərdən keçirilir.
Qeyd edək ki, Böyük Britaniya martın 10-da Roman Abramoviçə qarşı sanksiyalar tətbiq edib. Klub futbol fəaliyyətini davam etdirmək üçün xüsusi lisenziya alıb. Lakin kluba matçlara bilet satmaq, transfer etmək və oyunçularla müqavilə yeniləmək qadağan edilib (apa).












