"Barselona" səfərdə "Real Madrid"i darmadağın etdi
İspaniya La Liqasında "Real Madrid" və "Barselona" komandaları arasında növbəti El-Klasiko keçirilib.
Redaktor.az xəbər verir ki, "Santyaqo Bernabeu" stadionundakı XXIX tur oyunu qonaqların qələbəsi ilə yekunlaşıb - 4:0.
İlk və son qolları "Barselona"nın qış transferi Pyer-Emerik Obameyanq vurub. 29-cu və 53-cü dəqiqələrdə "dubl" edən 33 yaşlı hücumçu El-Klasikolarda fərqlənən ilk qabonlu oyunçu kimi tarixə düşüb. Onun ikinci qolu VAR sisteminə müraciət edildikdən sonra qeydə alınıb.
Digər qolları Ronald Arauxo 38-ci və Ferran Torres 47-ci dəqiqədə vurub.
Beləliklə, "Barselona" son 7 görüşdə ilk dəfə "Real Madrid"ə qalib gələrək, La Liqadakı şəxsi qarşılaşmalarda topların nisbətində bərabərliyi təmin edib - 76:76.
Məğlubiyyətə baxmayaraq, "kral klubu" 29 oyundan sonra 66 xalla liderdir, rəqibindən bir oyun az keçirən Kataloniya təmsilçisi 54 xalla 3-cü pilləyə yüksəlib.
Qeyd edək ki, bu, iki komanda arasında ümumilikdə 249 "El Klasiko" olub. "Real Madrid" 100, "Barselona" 97 qələbə qazanıbsa, 52 görüşdə qalib müəyyənləşməyib.












