"Real Madrid"in futbolçusu ölkəsinin tarixinə düşdü

 10:15 05.05.2022     83

İspaniyanın "Real Madrid" klubunun braziliyalı futbolçusu Rodriqo ölkəsinin tarixinə düşüb.

Redaktor.az xəbər verir ki, 22 yaşlı hücumçu buna İngiltərə "Mançester Siti"sinə əlavə vaxtda 3:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda nail olub.

90 və 90+1-ci dəqiqələrdə fərqlənən forvard braziliyalı oyunçuların turnirdə 999 və 1000-ci qollarına imza atıb. Cənubi amerikalılar bu qol səddinə çatan ilk ölkədir. İkinci yerdə fransalı oyunçular qərarlaşıb - 802 qol.

Qeyd edək ki, "Real Madrid" Çempionlar Liqasının finalında İngiltərə "Liverpul"u ilə üz-üzə gələcək. Həlledici oyun mayın 28-də Fransanın paytaxtı Parisdəki "Stad de Frans"da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.