"Çelsi" kriptovalyuta şirkəti ilə müqavilə imzaladı

 14:33 12.05.2022     116

İngiltərənin "Çelsi" klubu "WhaleFin" kriptovalyuta şirkəti ilə sponsorluq müqaviləsi imzalayıb.

Redaktor.az "Financial Times" nəşrinə istinadən xəbər verir ki, sözləşmənin dəyəri 24,4 milyon funt sterlinqdir.

Müqavilə Premyer Liqanın növbəti mövsümündən qüvvəyə minəcək. "Zadəganlar"ın bu şirkətlə ilkin razılaşma yanvarda - rusiyalı iş adamı Roman Abramoviçin klubu satışa çıxarmasından və Böyük Britaniyanın ona sanksiyalar tətbiq etməsindən əvvəl əldə olunub. Anlaşmaya əsasən, komandanın geyim formalarının qol hissəsində "WhaleFin"in loqosu yer alacaq.

Qeyd edək ki, Britaniya hakimiyyəti Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Roman Abramoviçin, o cümlədən klubunun aktivlərini bloklayıb. Bu səbəbdən, funksioner fevralın 26-da klubun idarəçiliyini "Çelsi" Xeyriyyə Fondunun qəyyumlarına təhvil verib. Martın 2-də isə o, klubu satmaq niyyətində olduğunu açıqlayıb. ABŞ-dan olan iş adamları Todd Boeli, Mark Uolter, isveçrəli milyarder Hansyorq Viss və "Clearlake Capital" investisiya şirkətindən ibarət qrup klubun alınması ilə bağlı ilkin razılıq əldə edib.