"Bəzi Olimpiya İdman Kompleksləri müasir tələblərə cavab vermir" - Fərid Qayıbov

 23:13 12.05.2022     143

"Artıq komissiya yaradılıb və bölgələrdəki Olimpiya İdman Komplekslərinin fəaliyyəti araşdırılır. Bilirsiniz ki, 50 kompleksdən 39-u nazirliyin balansındadır. Bəzi komplekslər müasir tələblərə cavab vermir".

Redaktor.az-ın məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov "ASAN Radio"nun "QəbuldASAN" verilişində qonaq olarkən deyib.

Nazir bildirib ki, həmin komplekslərin fəaliyyətinin genişləndirilməsi istiqamətində addımlar planlaşdırılır: "Hesab edirəm ki, həmin obyektlər yavaş-yavaş öz rolunu tapacaq. Elə rayonlarımız var ki, orada 2-3 idman növü var. Bəzi rayonlarda yeni idman növlərini inkişaf etdirmək olar".

İdman federasiyalarına nazirlərin rəhbərlik etməsinə də toxunan F.Qayıbov bunun effektiv nəticələr verdiyini vurğulayıb: "Bu təcrübə tək bizdə deyil, digər ölkələrdə də var. Bu, ictimai işdir və nazirlər üçün də maraqlıdır. Özlərini bu işə necə yönəltdiklərini görürəm. Yaxşı komanda formalaşdırıblar. Aralarında müsbət mənada rəqabət var. Son vaxtlar qazanılan nəticələr də bunu sübut edir".