"Qarabağ"ın oyunu mənə ləzzət edir"- Tahir Gözəl

 22:39 21.05.2022     363

"Doqquzuncu çempionluğumuzdur. Çox sevincliyəm".

Redaktor.az xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl Premyer Liqada medalçıların mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, "Neftçi"yə qarşı bugünkü oyunu yoldaşlıq matçı kimi gördüyünü bildirib: "Nəticə elə də fərq etməyəcəkdi. Bir az həyəcan da var idi".

T.Gözəl "Qarabağ"ın şəhid azarkeşi Məhəmmədəli İbrahimlinin atası ilə tanışlığı özü üçün mənəvi hadisə adlandırıb: "Onun gözündəki müqəddəs işıq mənə təsir etdi. Həm sevincliyəm, həm də onun kədərini bölüşdüm. Çox unudulmaz gün yaşadım. Gözəl bir insanla tanış oldum".

Klub prezidenti avrokuboklara vəsiqə qazanan komandaların turnirə ciddi hazırlaşmalı olduqlarını söyləyib: "Hamısı bizimdir. Rəşad Sadıqov bizə doğmadır. "Zirə"yə uğurlar arzu edirəm. Bütün komandaları təbrik edirəm".

T.Gözəlin sözlərinə görə, bu çempionluğun xüsusi yeri var: "Komandamız avrokuboklarda oynamaqla təcrübə toplayır. Biz bunu hiss edirik. "Qarabağ"ın ləzzətli oyun tərzi var. Qurban hocanın illərdir çəkdiyi zəhmətlə bu dəsti-xətt yaranıb. Biz bunu adi oyun elementlərində də görürük. Komandanın oyunu mənə ləzzət edir".