"5-6 oyunçu almaq istəyirik, amma transferlər yubanır" - Rəşad Sadıqov

 21:13 15.06.2022     279

"Komadamızı ürəkdən təbrik edirəm. Həqiqətən də möhtəşəm uğurdur. Turnir ərzində yığmamızı izləyir, dəstəkləyir, qürur hiss keçirirdik. İnanırdıq ki, qrupdan çıxdıqdan sonra uğurlu çıxış etmək olar".

Redaktor.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov minifutbol üzrə Azərbaycan milli komandasının Avropa çempionluğu ilə bağlı təşkil olunmuş konsert proqramı zamanı jurnalistlərə açıqlamasında deyib.

40 yaşlı mütəxəsiss əvvəlcə yığmanın çempion olacağına inanmadığını bildirib: "Çünki təcrübəli, daha güclü rəqiblər var idi. Buna baxmayaraq, əzmkar mübarizə aparıb, layiq olduqları çempionluğu qazandılar".

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində İsrailin "Makkabi" (Tel-Əviv) klubu ilə düşmələrinə də toxunan Sadıqov özlərini avrokuboklardakı digər Azərbaycan təmsilçiləri ilə müqayisə etmək istəmədiyini söyləyib: "Bütün komandalarımıza uğurlar arzu edirəm. Əlimizdən gələni edib yaxşı mübarizə aparacağıq. Çalışacağıq ki, mərhələni keçən tərəf biz olaq".

Davit Volkovun "Zirə"dən incik ayrlması ilə bağlı xəbərlərə də münasibət bildirən baş məşqçi belə bir şey eşitmədiyini vurğulayıb:

"Bizimlə müqaviləsi bitdi. Hamı daha yaxşı təklif, daha yaxşı sözləşmə, daha iddialı komanda istəyir. Futbolçunun klubu dəyişməsində müəyyən səbəblər ola bilər. Bu da futbolda olan şeylərdir. Gələcək karyerasında uğurlar arzu edirəm. Yaxşı komandaya gedib. Düşünürəm ki, "Sabah" onun daha da inkişaf etməsində rol oynayacaq. Volkovun komandada qalmasını istəyirdim. O, seçimini etdi. Hörmətl yanaşırıq".

Transfer məsələsindən də söz açan mütəxəssis 5-6 yeni oyunçu almaq istdiklərini vurğulayıb: "Amma transferlərimiz yubanır. Səbəb danışıqlar, rəqabət, maliyyə şərtləridir. Demək olar ki, hər bir xəttə yeni futbolçu gətirmək istəyirik. Seleksiyanı necə və nə zaman bitirəcəyimiz çox vacibdir. Bunların hamısı vaxt itkisidir. Nə qədər gec qoşulsalar, onların hazırlığına mənfi təsir edəcək. Ən vacibi yeni transferlərin bizə mümkün qədər tez qoşulmasıdır."