"Ermənilərlə 4 görüşün hamısında qələbə qazandıq" - Avropa çempionu

 10:26 17.06.2022     96

Rumıniyanın paytaxtı Buxarestdə rekord nəticə ilə Avropa çempionu olan yunan-Roma güləşi üzrə Azərbaycanın U-17 milli komandası bu gecə Vətənə qayıdıb.

Redaktor.az xəbər verir ki, 8 medalla 175 xal toplayaraq aşkar üstünlüklə titulunu qoruyan yığma üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi təşkil olunub. Mərasimdə Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Güləş Federasiyasının nümayəndələri, jurnalistlər, yeniyetmə idmançılar və milli üzvlərinin yaxınları iştirak edib.

Komandanın böyük məşqçisi Taleh İsrafilov ardıcıl il Avropa çempionu olmaları münasibətilə güləş ailəsi adından hamını təbrik edib. O, qələbəni şəhidlərə həsr etdiyini bildirib.

İsrafilov çempionatda yığma üzvlərinin çıxışlarını belə şərh edib: "51 kq, 65 kq və 71 kq-da da çempion ola bilərdik. Buraxdığımız səhvlər üzərində işləyib, onları aradan qaldırarıq. Gürcüstan və Ukraynanı 66 xal qabaqlayıb, Avropa çempionu olduq. Bu uşaqlardan gələcəkdə olimpiya çempionları görə biləcəksiniz. Növbəti hədəfimiz dünya çempionatıdır. Rəhbərliklə məsləhətləşdikdən sonra hazırlıq planı barədə ictimaiyyətə məlumat verəcəyik".

Avropa çempionatında ikinci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxan Fəraim Mustafayev (55 kq) isə bildirib ki, yarışa çox yaxşı hazırlaşdıqları üçün yüksək nəticələr qazanılıb: "8 medalla komanda hesabında 1-ci yeri tutduq. İnanıram ki, dünya çempionatında da bu nəticəni əldə edəcəyik. Ermənilərlə keçirdiyimiz 4 görüşün hamısında qələbə qazandıq".

Digər Avropa çempionu Məhəmməd Qasımzadə (60 kq) hər bir komanda üzvünün döyüşdüyünü vurğulayıb: "Hamı yarışa çempion olmağa gedir. Uşaqlarımız yaxşı güləşdi. Hamısı döyüşdü, əziyyət çəkdi və bunun da nəticəsini gördülər. 2 qızıl, 5 gümüş və 1 bürünc medal qazandıq. Öz görüşlərimə gəlincə, əvvəlcə erməni rəqibimə 8:7 hesabıyla qalib gəldim. Daha sonra Moldova və Finlandiya güləşçilərini 9:0 hesabıyla məğlub etdim. Finalda isə Gürcüstan idmançısına 9:1 hesabıyla qalib gəlib Avropa çempionu oldum".