Salyanda futbol turnirinə start verildi
İyulun 5-də Salyan rayon Sarvan kənd stadionunda Salyan “Aran” idman klubunun təşkilatçılığı, Salyan rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə Salyan rayon Sarvan ərazi dairəsi üzrə şəhidlərin əziz xatirəsinə həsr olunmuş açıq futbol turnirinə start verilib.
Redaktor.az xəbər verir ki, turnirin açılış mərasimində kənd ərazi dairələrinin futbol komandaları , 59 saylı Salyan seçki dairəsinin deputatı Jalə Əhmədova , Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov və Salyan rayon Gənclər və İdman İdarəsinin kollektivi, Salyan “Aran” idman klubunun direktoru Vüqar Abdullayev ,Salyan rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rəşad Kərimov, şəhid ailələri, rayonun idman ictimaiyyəti və futbol həvəskarları iştirak ediblər.
Tədbirin əvvəlində dövlət himni səsləndirildi, sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
59 saylı Salyan seçki dairəsinin deputatı Jalə Əhmədova iştirakçıları salamlayaraq bildirdi ki, vətən varlığımız, qürurumuzdur. Vətən müharibəsində ölümün gözünə dik baxan, vətənini, torpağını canından və qanından əziz tutan igidlərimizin göstərdikləri döyüş nümunələri bütün dünyanı heyrətə gətirdi. Əsrlər ötsə də Azərbaycan əsgərlərinin igidliyi haqqında dastanlar yazılacaq.
Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov çıxışında Ali Baş Komandan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarix yazdığını qeyd etdi. O tarix ki, hər kəs onu səbirsizliklə gözləyirdi. Azərbaycan haqq mübarizəsi apardı, ədaləti bərpa etdi. 44 günlük müharibə bu reallığı da göstərdi ki, yalnız Azərbaycan gəncliyi deyil, kimliyindən, siyasi əqidəsindən, siyasi mənsubiyyətindən, cavan və yaşlı, kişi və qadın olmasından asılı olmayaraq hər kəs ölkəmizin ərazi bütövlüyünün bərpası üçün canından keçməyə hazırdır.
Sonra çıxış edən Salyan “Aran” idman klubunun direktoru Vüqar Abdullayev çıxışında bildirdi ki, xalqımız birlik, həmrəylik göstərərək, Ali Baş Komandan Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşərək, ordumuza dəstək göstərdi. Biz bu Qələbəni döyüş meydanında, şəhidlər verərək qazandıq.
Sonra çıxış edən şəhid Nail Qaraşovun atası Cahangir Qaraşov bildirdi ki, Ali Baş Komandan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun qısa zamanda əldə etdiyi nailiyyətlər, peşəkar idarəçilik, döyüş hazırlığının və hərbi vətənpərvərlik ruhunun daima yüksək olması imkan verdi ki biz torpaqlarımızı düşmənlərdən azad edək.
Çempionatın I turunda açılış oyununda “Nicat Nur” və Sarvan kənd ərazi dairəsinin komandaları qarşılaşmış və gərgin idman mübarizəsi şəraitində keçən oyun 2:2 hesablı heç-heçə ilə bitib.
8 komandanın iştirak etdiyi Salyan rayon Sarvan ərazi dairəsi üzrə şəhidlərin əziz xatirəsinə həsr olunmuş açıq futbol turnirində yarışlar hər qrupda 4 komanda olmaqla 2 qrup üzrə A və B yarımqrupları üzrə keçirilir. 05-24 iyul 2022 – ci il tarixlərdə baş tutacaq açıq futbol turnirində aşağıdakı qruplar üzrə oyunlar keçiriləcəkdir.
A yarımqrupunda Şorsulu , Seyidsadıqlı , Dayıkənd və Noxudlu kənd ərazi dairələrinin komandaları mübarizə aparacaqdır.
B yarımqrupunda “Nicat Nur” komandası , Sarvan və Qızılağac kənd ərazi dairələrinin komandaları və “Lokomotiv” komandası mübarizə aparacaqdır. Turnirə 24 iyul 2022-ci il tarixdə yekun vurulacaqdır.
05 iyul 2022 –ci il tarixdə turnirin I oyun günündə aşağıdakı nəticə qeydə alınıb:
“Nicat Nur” - Sarvan 2:2
06 iyul 2022 – ci il tarixdə turnirin II oyun günündə aşağıdakı oyun keçiriləcək.
Saat 18: 00 “Lokomotiv” - Qızılağac

















