"Oyunun gedişində hər hansı sürprizlə qarşılaşa bilərik" - Qurban Qurbanov

 21:02 26.07.2022     151

"Çox vacib və maraqlı oyuna hazırlaşırıq. Fərqli oyun göstərən komandaya qarşı oynayacağıq. Bu görüşə hazırlaşmaq üçün xeyli vaxtımız oldu. Amma bilirik ki, rəqib də bu matça ciddi hazırlaşıb. Çempionat oyunlarında bəzi əsas futbolçulara istirahət verilməsi də bunu deməyə əsas verir".

Redaktor.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İsveçrədə "Sürix"ə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, matçın gedişində komandası hər hansı sürprizlə qarşılaşa bilər: "Meydanda hər şeyə hazır olmalı, yaxşı nəticə qazanmaq üçün həddindən artıq güc sərf etməliyik. Demək olar ki, buna hazırıq".

Qeyd edək ki, iyulun 27-də oynanılacaq "Sürix" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk görüşdə "köhlən atlar" 3:2 hesablı qələbə qazanıb.