“Qarabağ” - “Nant” oyunu ilə bağlı çağırış - Şəhidlərimiz ANILACAQ

 12:12 15.09.2022     136

“Qarabağ” klubunun “İmarət” azarkeş qrupu Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində “Nant”a qarşı keçiriləcək bugünkü oyunla bağlı müraciət yayıb.

Redaktor.az xəbər verir ki, “İmarət” azarkeş qrupu Tofiq Bəhramov adına Respublika Stadionundakı matça baxmağa gələnlərə ünvanladığı müraciətdə bildirib:

“Matçın başlama fitindən etibarən bütün azarkeşlərdən bir dəqiqəlik sükuta riayət etmələrini xahiş edirik. Bundan sonra “Şəhidlər ölməz, vətən bölünməz!” şüarını hər kəsin birlikdə səsləndirməsi üçün diqqət 5-ci sektorda olsun”.

Xatırladaq ki, “Qarabağ” klubu Ermənistan-Azərbaycan sərhədindəki təxribatların qarşısını alarkən şəhid olan hərbçilərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması üçün UEFA-ya müraciətə etmişdi. Lakin qitə futbol qurumu buna icazə verməyib.

Avropa Liqasının qrup mərhələsinin II turunun “Qarabağ” – “Nant” oyunu bu gün saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda başlayacaq.