"Qarabağ"ın oyunu ilk "5-lik"də yer aldı - Avropa Liqası

 10:16 17.09.2022     171

UEFA Avropa Liqasının qrup mərhələsində II turun oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.

Redaktor.az xəbər verir ki, 15 matçda ümumilikdə 312 000-dən çox tamaşaçı iştirak edib.

İlk "5-lik"də Bakıda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında keçirilmiş G qrupunun qarşılaşması da yer alıb. Tofiq Bəhramov adına Respublika stadionundakı görüşü 26 495 tərəfdar izləyib.

Ən çox fanat isə "Roma" (İtaliya) - "HİK" (Finlandiya) oyununda qeydə alınıb. İtaliyadakı matçda 60 193 fanat olub.

Qeyd edək ki, "Qarabağ" rəqibini 3:0 hesabı ilə məğlub edib. Avropa Liqasının qrup mərhələsində II turun "Arsenal" (İngiltərə) - PSV (Niderland) qarşılaşması Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə əlaqədar oktyabrın 20-nə təxirə salınıb.