Millimiz 4 qolla Qazaxıstanı meydana çıxmağa peşman etdi -VİDEO - YENİLƏNİB

 21:55 25.09.2022     776

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib. 

Redaktor.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda C Liqasında 3-cü qrupun VI tur matçında Bakıda Qazaxıstan seçməsini qəbul edib. 

"Dalğa Arena"dakı qarşılaşmanın ilk dəqiqələri kəşfiyat xarakteri daşıyıb. Azərbaycan millisi ara-sıra təhlükəli hücumlar yaratmaq istəsə də, rəqibin müdafiə xəttini yara bilməyib. 

35-ci dəqiqədə qonaqlar azlıqda qalıb. Nuralı Alip Renat Dadaşova qarşı kobudluq etdiyi üçün sarı vərəqə görüb. Müdafiəçi ardınca Eddi İsrafilovu itələdiyinə görə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Bundan sonra meydan sahiblərinin hücumlarının kəsəri daha da artıb. 38-ci dəqiqədə rəqib qapıçı İqor Şatski topun qapıdan keçməsinin qarşısını alıb. Tərəflər fasiləyə qolsuz bərabərliklə yollanıblar. 

Milli ikinci yarıya daha sürətli başlayıb. Buna baxmayaraq, yığma bir saatın tamamına kimi çərçivəyə düşməkdə çətinlik çəkib. 65-ci dəqiqədə Mahir Emrelinin zərbəsi təhlükəli alınsa da, Şatski qonaqları qoldan xilas edib. Milli komanda bundan bir dəqiqə sonra istəyinə çatıb. 66-cı dəqiqədə Aleksandr Maroçkin avtoqol müəllifi olub. 72-ci dəqiqədə Filip Ozobiç hesab arasındakı fərqi artırmağa yaxın olsa da, top qapının yanından keçib. 31 yaşlı yarımmüdafiəçi bundan 2 dəqiqə sonra qonaqları məyus etməyi bacarıb. Ozobiç yığmadakı 10-cu matçında ilk dəfə qolla yadda qalıb. 83-cü dəqiqədə Mahir Emrelinin zərbəsindən sonra top qapı dirəyinə dəyərək geri qayıdıb. 90+1-ci dəqiqədə Anatoli Nuriyev matçda son nöqtəni qoyub. Forvard millidə 11-ci matçda ilk qoluna imza atıb. 

Beləliklə, rəqibini 3:0 hesabı ilə məğlub edən Azərbaycan millisi ardıcıl üçüncü qələbəsini qazanıb və xallarının sayını 10-a yüksəldərək qrupu ikinci pillədə başa vurub. Azərbaycan seçməsi 11 ildən sonra Qazaxıstana qalib gəlib. Komanda son olaraq 2011-ci ildə rəqibini 3:2 hesabı ilə üstələyib.

Qrupun digər oyununda isə Slovakiya Serbiyada Belarusla 1:1 hesablı heç-heçə edib.

***

UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda Azərbaycan millisi Qazaxıstanla qarşılaşır.

Redaktor.az xəbər verir ki, matçda üçüncü qol vurulub.

Qarşılaşmanın əsas vaxtına əlavə olunmuş birinci dəqiqədə Anatoli Nuriyev millimizin üçüncü qolunun müəllifi olub. 

***

UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda Azərbaycan millisi Qazaxıstanla qarşılaşır.

Redaktor.az xəbər verir ki, matçda ikinci qol vurulub.

Qarşılaşmanın 74-cü dəqiqəsində millimizin heyətində Filip Ozobiç hesab arasındakı fərqi artırıb - 2:0.

***

UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda Azərbaycan millisi Qazaxıstanla qarşılaşır.

Redaktor.az xəbər verir ki, matçda hesab açılıb. 

Qarşılaşmanın 67-ci dəqiqəsində qazaxıstanlı futbolçu Maroçkin avtoqolla komandasını hesabda geri salıb. 

***

UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda Azərbaycan millisi Qazaxıstanla qarşılaşır.

Redaktor.az xəbər verir ki, qarşılaşmanın 35-ci dəqiqəsində rəqib azlıqda qalıb. 

Qonaqların 3 nömrəli futbolçusu Nuralı Alip Renat Dadaşova qarşı kobudluğa görə ikinci sarı vərəqə və qırmızı vərəqə ilə cəzalandırılıb. 

Hazırda oyunda hesab açılmayıb. 

***

UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda Azərbaycan millisi Qazaxıstanla qarşılaşır.

Redaktor.az xəbər verir ki, “Dalğa Arena”da keçirilən görüşdə start fiti səslənib.

Hazırda oyunda hesab açılmayıb.

***

UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda üz-üzə gələcək Azərbaycan və Qazaxıstan milli komandalarının start heyətləri bəlli olub.

Redaktor.az xəbər verir ki, yığmalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 6. Höccət Haqverdi, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 14. Eddi İsrafilov, 15. Bədavi Hüseynov, 19. Filip Ozobiç, 21. Ozan Can Kökcü.

Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Səlahət Ağayev, 2. Rüstəm Əhmədzadə, 5. Cəlal Hüseynov, 7. Anatoli Nuriyev, 10. Mahir Emreli, 13. Abbas Hüseynov, 16. Elvin Camalov, 17. Toral Bayramov, 18. Anton Krivotsyuk, 20. Musa Qurbanlı, 22. Aleksey İsayev.

Baş məşqçi: Canni de Byazi.

Qazaxıstan: 12. İqor Şatski, 3. Nuralı Alip, 5. İslambek Kuat (k), 6. Abılayxan Jumabek, 7. Aslan Darabayev, 10. Elxan Astanov, 13. Baqdat Kairov, 18. Timur Dosmaqambetov, 20. Ramazan Orazov, 21. Marat Bıstrov, 22. Aleksandr Maroçkin.

Ehtiyat oyunçular: 1. Bekxan Şayzada, 15. Məhəmmədcan Seysen, 2. Sergey Malıy, 4. Temirlan Yerlanov, 8. Artur Şuşenaçev, 9. Roman Murtazayev, 11. Yan Voroqovski, 14. Samat Jarınbetov, 16. Mixail Qabışev, 17. Abat Aymbetov, 19. Talqat Kusyapov, 23. Adilet Sadıbekov

Baş məşqçi: Məhəmməd Adıyev.

Qeyd edək ki, bu gün "Dalğa Arena"da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.