İdmançımız Avropa çempionu oldu - FOTO

 20:57 28.09.2022     391

Azərbaycan taekvondoçusu Səyyad Dadaşov Albaniyanın paytaxtı Tiranada keçirilən U-21 Avropa çempionatında qızıl medal qazanıb.

Redaktor.az xəbər verir ki, 54 kq-da çıxış edən idmançı ilk görüşdə Artyom Bulavkanı (Moldova) 2:0 hesabı ilə məğlub edib. Ardınca Relya İvkoviçə (Serbiya) də eyni hesabla qalib gələn Dadaşov 1/8 finalda Haktan Can (Türkiyə) üzərində də inamlı qələbə qazanıb – 2:0.

Növbəti görüşündə Tedi Likometini (Albaniya, 2:0) mübarizədən kənarlaşdıran taekvondoçu yarımfinalda Ebrahim Marvan (İsveç) ilə döyüşməli olsa da, rəqib zədə səbəbindən dayanq üzərinə çıxmayıb və Dadaşov finala yüksəlib.

Həlledici qarşılaşma kifayət qədər gərgin alınıb. Milan Millla (Niderland) ilə qarşılaşmanı 2:1 hesabı ilə xeyrinə bitirən Azərbaycan təmsilçisi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yığmanın aktivinə digər mükafatı Eltac Qafarov yazdırıb. 74 kq çəki dərəcəsində mübarizə aparan taekvondoçu ardıcıl olaraq Ege Şaşmaztin (Türkiyə, 2:0), Xesus Serrano (İspaniya, 2:0) və Çarai Flouskounisa (Yunanıstan, 2:1) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Qafarov finala gedən yolda Stefan Takovla (Serbiya) üz-üzə gəlib. Rəqibinə 0:2 hesabı ilə uduzan idmançı bürünc medala sahib çıxıb.

Beləliklə, milli komanda 5 ildən sonra Avropa çempionatında yenidən medal qazanıb. Dadaşovun fəxri kürsünün ən yüksək pilləsinə qalxması ilə U-21-lərin yarışında isə 9 ildən sonra Azərbaycan himni səsləndirilib.

Qeyd edək ki, Avropa çempionatına sentyabrın 30-da yekun vurulacaq.

2