"Qarabağ" Bakıda "Olimpiakos"la heç-heçə etdi - YENİLƏNİB

 22:38 13.10.2022     1309

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. 

Redaktor.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun IV turunda Bakıda Yunanıstan "Olimpiakos"unu qəbul edib. 

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın ilk 10 dəqiqəsi kəşfiyyat xarakteri daşıyıb. Daha sonra "köhlən atlar" təşəbbüsü ələ alıb. 13-cü dəqiqədə Kadi Borgesin zərbəsindən sonra top qapının yanından keçib. Ardınca Marko Veşoviç və Qara Qarayevin zərbələrində dəqiqlik çatmayıb.

23-cü dəqiqədə Pirey təmsilçisinin heyətində Andreas-Rixardos Ntoi fərqlənməyə yaxın olsa da, çərçivəyə düşə bilməyib. 38-ci dəqiqədə qonaqların hücumçusu Abubakar Kamaranın qapı önünə asmasından sonra top dirəyə dəyib. 44-cü dəqiqədə Pyer Kundenin fərqlənməsinə qapıçı Şahruddin Məhəmmədəliyev imkan verməyib. İlk hissə qolsuz heç-heçə ilə başa çatıb. 

"Qarabağ" ikinci yarıya da fəal başlayıb və topa nəzarət edən tərəf olub. "Olimpiakos" ara-sıra hücumlar yaratsa da, istəyinə çata bilməyib. İlk hissənin əvvəlində ayağından zədə alan Kadi Borges 62-ci dəqiqədə Filip Ozobiçlə əvəzlənib. 5 dəqiqə sonra Qara Qarayevin uzaq məsafədən zərbəsi dəqiq alınmayıb. Ozobiç 71-ci dəqiqədə fərqlənməyə yaxın olsa da, şansı boşa verib. "Köhlən atlar" oyunun sonlarına yaxın hücumlarının kəsərini artırsa da, rəqib qapısına yol tapa bilməyib. 

Beləliklə, rəqibi ilə qolsuz bərabərə qalan "Qarabağ" xallarının sayını 7-yə çatdıraraq UEFA Konfrans Liqasının pley-offunda iştirakı təmin edib.

Qrupun digər görüşündə Almaniya "Frayburq"u Fransada "Nant"a qalib gəlib - 4:0. 12 xala malik Bundesliqa təmsilçisi ən azı ikinci pillənin sahibi kimi növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib. "Qarabağ" 7 xalla ikinci, "Nant" 3 xalla üçüncü, "Olimpiakos" 1 xalla sonuncu pillədədir. 

***

Bakıda "Qarabağ" və Yunanıstan "Olimpiakos"u arasında UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda ikinci hissə başlayıb. 

Redaktor.az xəbər verir ki,  Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmada hesab açılmayıb.

***

Bakıda "Qarabağ" və Yunanıstan "Olimpiakos"u arasında UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda ilk hissə başa çatıb. 

Redaktor.az-ın məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar. 

***

Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb.

Redaktor.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanovun komandası G qrupunun dördüncü turunda Bakıda Yunanıstan “Olimpiakos” klubunu qəbul edir.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmanı Kreyq Pausonun başçılıq etdiyi ingiltərəli hakimlər briqadası idarə edir.

***

Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda üz-üzə gələcək "Qarabağ" və Yunanıstan "Olimpiakos"unun start heyətləri açıqlanıb.

Redaktor.az-ın qitə futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k) 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borges. 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev

Ehtiyar oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Julio Roman, 8. Marko Yankoviç, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina

Baş məşqçi: Qurban Qurbanov

"Olimpiakos": 91. Aleksandros Pasxalakis, 2. Şime Vrsalko, 5. Andreas Buxalakis, 8. Pyer Kunde, 15. Sokratis Papastatopulos, 17. Marius Vrusai, 18. Hvan İy Co, 21. Pep Biel, 45. Oleq Ryabçuk, 47. Abubakar Kamara, 74. Andreas-Rixardos Ntoi

Ehtiyar oyunçular: 88. Kostas Tsolakis, 99. Atanasios-Teoloqos Papadudis, 6. Yann MVila, 12. Marselo, 19. Yorqos Masuras, 20. Coş Bouler, 24. Usseynu Ba, 28. Matyö Valbuena, 33. Hvanq İn-Beom, 66. Pape Abu Sisse, 77. Qarri Rodriges, 80. Anastasios Sapuntsis

Baş məşqçi: Miçel Qonsales

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.

Vumart və Güvən reklamı Vumart Güvən