“Qarabağ”ın zədəli futbolçularının son vəziyyəti AÇIQLANDI

 23:30 21.10.2022     280

“Qarabağ”ın zədəli futbolçularının vəziyyətlərinə aydınlıq gəlib.

Redaktor.az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Premyer Liqasının XI turunun “Turan Tovuz”la matçında sıradan çıxan Bədavi Hüseynov və məşqdə zədələnən Şahruddin Məhəmmədəliyev komandanın bugünkü məşqində iştirak etməyiblər.

Bildirilib ki, həkim müayinəsindən sonra hər iki oyunçunun vəziyyətinin ağır olmadığı, bununla belə, bir müddət məşqlərə qoşula bilməyəcəyi aydınlaşıb:

“Onların komandanın növbəti hazırlığında iştirak edib-etməyəcəkləri də bəlli deyil”.

Məlumatda həmçinin qeyd edilib ki, oyunçuların mövcud zədələri onların Avropa Liqasının qrup mərhələsinin “Nant”la matçında oynamaqlarına əngəl deyil:

“Ancaq buraxılan məşqləri nəzərə alsaq, hər iki futbolçunun hazırlıq səviyyəsinin necə olacağı şübhəlidir. Bu səbəbdən həm Şahruddin, həm də Bədavinin Fransada meydana çıxıb-çıxmayacaqları ilə bağlı yekun qərarı baş məşqçi verəcək”.