Qətərdə mundialın açılışı oldu - FOTO

 19:39 20.11.2022     98

Qətərdə futbol üzrə dünya çempionatının açılış mərasimi keçirilib.

Redaktor.az xəbər verir ki, vaxtilə Fransa seçməsinin heyətində çıxış edən Marsel Desayi dünya kubokunu stadiona gətirib.

Qətər əmiri Şeyx Təmim bin Həməda Al Tani 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatını açıq elan edib.

Əl Havr şəhərindəki “Əl Beyt” Stadionunda baş tutan açılış mərasiminin mövzusu fikir ayrılıqlarının aradan qaldırılması, hörmət və inklüzivlik olub. Süjetin əsas ideyası ondan ibarətdir ki, futbol hamının bir tayfada birləşməsinə kömək edir və Yer hamımızın yaşadığı çadırdır.

Mərasim zamanı Qətər ənənələri dünya mədəniyyəti ilə iç-içə nümayiş olunub, o cümlədən 32 komandaya, turnirin əvvəlki ev sahiblərinə və könüllülərə hörmət göstərilib.

Stadionun meydançasında iştirakçı ölkələrin bayraqlarının və keçmiş dünya çempionatları maskotlarının paradı keçirilib.

Qeyd edək ki, bu, ərəb dünyasında və müsəlmanların çoxluq təşkil etdiyi bir ölkədə keçirilən ilk dünya çempionatıdır. Turnirin açılış oyununda Qətər və Ekvador komandaları qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Yarışın final oyunu isə dekabrın 18-də Lusail şəhərindəki 80 min tamaşaçı tutumuna malik Milli Stadionda keçiriləcək.

 

 

22