Tanınmışlar dünya çempionatında hansı ölkəyə azarkeşlik edir? - Argentina, Braziliya, İran...

 16:36 21.11.2022     334

Xəbər verdiyimiz kimi, noyabrın 20-də Qətər-Ekvador oyunu ilə Futbol üzrə XXII dünya çempionatına start verilib. Qətərin ev sahibliyi etdiyi mundial 29 gün davam edəcək. 31 ən güclü komanda və meydan sahiblərinin iştirakı ilə dünyanın ən güclüsü müəyyən olunacaq.

Redaktor.az tanınmışların hansı komandaya azarkeşlik etməsi ilə bağlı sorğu aparıb.

Millət vəkili Aydın Hüseynov Argentina və İtaliyaya azarkeşlik etdiyini qeyd etdi:

“Mən əsasən Argentina və İtaliya komandalarına pərəstişkarlıq edirəm. Amma indi bilmirəm onların vəziyyəti hansı yerdədir. Hesab edirəm ki, İtaliyanlar çempionata həmişə yaxşı hazırlaşır.”

Milli Məclisin deputatı Aqil Abbas isə bildirdi ki, Azərbaycan 2026-cı ilə dünya çempionu olacaq:

“Mən dəfələrlə demişəm, 1962-ci ildən hələ uşaq vaxtından Braziliyanın azarkeşi olmuşam. Türkiyə olsa, Türkiyəni, Azərbaycan olsa Azərbaycanı dəstəkləyərdim. Azərbaycan 2026-cı ildə dünya çempionu olacaq. Əgər Canni De Byazi qalsa, 2026-cı ildə biz dünya çempionu olacağıq. Narahat olmayın”.

Milli Məclisin deputatı Siyavuş Novruzov isə komandaların hazırlığından heç bir məlumatı olmadığını qeyd etdi:

“Hələ heç birinə baxa bilməmişəm”.

Milli Məclisin deputatı Etibar Əliyev isə özünün futbol həvəskarı olduğunu vurğuladı:

“Dünya çempionatlarını çox yaxşı xatırlayıram. Hansı çempionatın daha uğurlu olması barədə də fikir səsləndirə bilərəm. Əvvəlki illərdə, məsələn, 1986-cı ildəki çempionat çox maraqlı idi. Argentina Almaniyaya qələbə çaldı. 1982-ci ilin çempionatı da çox maraqlı idi. İtaliya Brazilyanı uddu. Mən əlbəttə ki, Almaniyanın pərəstişkarıyam. Düşünürəm ki, Almaniya Qətərdə keçirilən çempionatda çox yaxşı tərkibdə iştirak edir. Digər qitədən isə məncə, Braziliya çox güclüdür. Amma mən Almaniyanın dünya çempionu olmağının tərəfdarıyam“.

Millət vəkili Aydın Mirzəzadə isə qeyd etdi ki, daha çox yaxşı oyun sitiuasiyalarına azarkeşlik edir:

“Mən komandaya yox, yaxşı oyun sitiuasiyalarına azarkeşlik edirəm. Güclü komandalar, favoritlər çoxdu. Amma bununla belə, yarışa baxanda mənə yaxşı oyun, yeni oyunçuların üzə çıxması, yaxşı qol sitiuasiyası daha çox xoşuma gəlir”.

Son zamanlar anti-İran çıxışları ilə yadda qalan millət vəkili Fazil Mustafa isə maraqlıdır ki, İran yığmasına azarkeşlik edəcəyini bildirdi:

"Nə qədər qəribə görünsə də, bu çempionatda qərara aldım ki, İran millisinə azarkeşlik edim və onun qələbə qazanmasını istəyəcəm. Ancaq qalib olmağa daha çox imkanı olan, intizamını itirməyən "alman maşını"nın şanslarının üstün olacağı düşüncəsindəyəm".

Milli Məclisin deputatı Məlahət İbrahimqızı isə qeyd etdi ki, bu gün bəşəriyyət futbol çempionatından daha çox dünyanın geosiyasət meydanındakı diplomatiya oyunlarını izləyir:

“Çünki bu gün həqiqətən də dünya təhlükə və təhdid altındadır. Bu mənada tanınmış strateg və siyasətçi Bzejinskinin sözləri ilə də ifadə etsək mən “Böyük Şahmat Taxtası” üzərində oynanılan siyasət və diplomatiya oyunlarının mahir oyunçuları Azərbaycan xalqının yenilməz lideri möhtərəm cənab İlham Əliyevlə qardaş Türkiyə Cumhuriyyətinin Prezidenti cənab Rəcəb Təyyub Ərdoğanın oyunlarını izləyirəm".

Deputat Rüfət Quliyev isə qeyd etdi ki, Azərbaycan və Türkiyə çempionatda olmadığı üçün azarkeşlik etdiyi ölkə də yoxdur:

“Mən adətən ya Azərbaycan klublarına, ya da Türkiyə klublarına, yığmalarına azarkeşlik edirəm. Əgər orada Azərbaycan da, Türkiyə də yoxdursa, deməli mənim bu oyuna marağım da yoxdur. Ola bilər, son axrıncı üç oyunlara, yəni yarımfinal,  bir də final oyunlarına baxacam”.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid qeyd etdi ki, konkret hansısa komandaya azarkeşlik etməsi sual altındadır:

“Əvvəla onu deyim ki, açılış mərasiminə baxdım. Çox maraqlı, təsirli, zəngin oldu. İlk oyuna da baxdım. Ekvador və onun oyunçusu Valensiyanı çox bəyəndim. Yadıma gəlir, 1974-cü ildə dünya çempionatında finalda Almaniya ilə Hollandiya oynuyurdu. Mən də Hollandiyaya azarkeşlik edirdim, oyununu bəyənirdim. Finalda Hollandiyanın uduzmasından pəjmürdə olmuşdum. Sonrakı illərdə müxtəlif komandalara azarkeşlik etmişdim. Ən çox da Braziliyaya. Braziliya uduzanda uşaq vaxtı, yeniyetmə vaxtı ağladığım vaxtlar da olub. Son illərdə əlbəttə, Türkiyə dünya çempionatında çıxış edəndə Türkiyəyə azarkeşlik edirəm və davamlı Braziliyaya azarkeşliyim olur. Amma bu çempionatında hələ ki, konkret hansısa komandaya azarkeşlik etmək sual altındadır. Düzü, baxacam hansısa komandanın oyunu mənə xoş gələcəksə, onlara azarkeşlik edəcəm".

Redaktor.az-ın baş redaktoru Aqil Aslan isə Argentina milli komandasına azarkeşlik etdiyini bildirdi:

"Hələ uşaq vaxtından - 1986-cı ildən Argentinaya azarkeşlik edirəm. O zaman Maradonanın liderliyi ilə Argentina dünya çempionu olmuşdu. Yalnız 2002-ci ildə Argentina ilə bərabər Türkiyəyə azarkeşlik etmişəm. Qalan dövrlərdə yalnız Argentinanın qələbəsini arzulamışam. Bu komandanın Lionel Messi kimi canlı əfsanəsi var. Düşünürəm ki, Messinin Argentina millisi ilə dünya çempionu olmağa haqqı var. O, bir dəfə çempion olmağa çox yaxın idi, lakin finalda Almaniyaya uduzdular və buna görə çox məyus olmuşdum. Maradonanın dünya çempionu olduğuna sevindiyim kimi, Messinin də çempionluğuna sevinmək istəyirəm. Məncə bu dəfə belə olacaq".

Həmidə İbrahimova