İdman jurnalistləri dünya çempionatında hansı komandaya azarkeşlik edir?
Xəbər verdiyimiz kimi, noyabrın 20-də Qətərdə Futbol üzrə XXII dünya çempionatı başlayıb. 29 günlük mundialda 31 ən güclü komanda və meydan sahiblərinin iştirakı ilə dünyanın ən güclüsü müəyyən olunacaq.
Redaktor.az idman jurnalistlərinin hansı milliyə azarkeşlik etməsi ilə bağlı sorğu aparıb.
“CBC Sport”un reportyoru Rəvan Mahmudzadə bildirdi ki, bu il tamam fərqli bir dünya çempionatı izləyəcəyik:

“Həm başladığı zamanla əlaqəli, həm keçirildiyi yerlə bağlı olaraq bir çox sürprizlər izləyə bilərik. Favoritimə gəlincə, könlüm Argentinanın çempion olmasından yanadır. Təbii ki, Messinin sonuncu mundialı olması amili bir çox azarkeşdə məhz bu milliyə simpatiyanı yaradır. Lakin qızıl dövrünün sonunu yaşayan Belçikanın artıq yığdığı təcrübə sayəsində sürpriz şəkildə bu yarışın qalibi olacağını düşünürəm”.
Aparıcı-şərhçi Nurlan Valehoğlu isə qeyd etdi ki, favorit komandası Argentina millisidir:

“Argentinanın çempion olmasını istəyirəm, amma işləri asan olmayacaq. Məncə, çempionluq uğrunda Argentinanın əsas rəqibləri Brazilya və İngiltərədir”.
"CBC Sport"un redaktoru Asəf Zeynallı isə təkcə hazırda davam edən dünya çempionatında yox, ümumiyyətlə, bütün beynəlxalq futbol yarışlarında Niderland millisinə azarkeşlik etdiyini qeyd etdi:

“Bu ölkənin futbol fəlsəfəsi həm milli, həm də klub səviyyəsində hər zaman diqqətimi çəkib. Artıq 22 ildir ki, "narıncılar"a azarkeşlik edirəm. Təbii ki, bu mundialda sevdiyim komandanın kuboka sahib olmasını çox istərdim. Mənim azarkeşlik dönəmimdə Niderland nə Avropa çempionu olub, nə də dünya kubokunu qazanıb. Çox istərdim ki, bu sindromu qırım. Düzdür, startda Seneqal üzərində çətin qələbə qazandıq. Amma komandanın daha yaxşı çıxış edəcəyinə inanıram”.
Qol.az saytının baş redaktoru Aydın Bağırov isə heç bir millini dəstəkləmədiyini vurğuladı:

“Dəstəklədiyim komanda yoxdur. Sadəcə, oyunlarını maraqla gözlədiyim komandalar var ki, bunlar Seneqal və Danimarkadır. Seneqal ilk matçda Niderlanda uduzsa da, inanıram ki, çoxlarında müsbət təsir bağışladı. Bir də Messi və Ronaldonun oyunlarını daha yaxından izləyəcəm. İstisna deyil ki, bu, hər iki super ulduzun sonuncu çempionatıdır. O ki qaldı favoritlərə, bəri başdan nə isə demək çətindir. Təcrübə göstərir ki, çempionatdan əvvəl favorit göstərilən komandalar bəzən hədəflərinə nail ola bilmirlər. Bununla belə, çempionluq uğrunda yarışın Braziliya, Argentina və Fransa komandaları arasında keçəcəyini düşünürəm”.
Futbolinfo.az saytının baş redaktoru Vüsal Mahmudov isə Hollandiyanı dəstəklədiyini söylədi:

“Hollandiyaya daha çox diqqət yetirirəm. Demək olar ki, azarkeşlik edirəm. İndiki halda kimin qazanacağını söyləmək bir qədər çətindir. İlk turlardan sonra bunu təxmin etmək olar. İndiki halda isə Fransa və ya Argentinanın çempion olacağına ümid edirəm”.
Matc.az saytının baş redaktoru İxtiyar Əsgərov isə bildirdi ki, həm Almaniya, həm də Brazilya millilərinə azarkeşlik edir:

“Simpatiyam Almaniya və Braziliya milli komandalarınadır. Elə illərdir, bu komandalar diqqətimdədir. Hollandiyanın da qazanmasını istəyərdim. Yəqin ki, Brazilya ya da Almaniya mundialın qalibi olacaq”.
Nərmin VÜQARQIZI












