Qurban Qurbanovdan ETİRAF

 22:45 28.11.2022     269

"Birbaşa deyə bilərəm ki, zəif oynadıq".

Redaktor.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Azersun Arena"da "Zirə" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XV tur oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, gözlənilən səviyyədə oynamamalarının müəyyən səbəbləri var: "İlk olaraq, rəqib imkan vermədi. Yaxşı, ağıllı oyun qurmuşdular. Digər tərəfdən, öz oyunumuzda istədiyim dinamika, sürət yox idi. Görünür ki, fasilə bizə mane olub. İstər-istəməz oyundan kənarda qaldıq. Futbolçuların hamısı birlikdə olmadılar. Hər halda, xallarımızın üzərinə növbətisi gəldi".

O, futbolçuları da başa düşdüyünü söyləyib: "Fasilədən sonra yığışmaq o qədər asan deyil. Uzun marafon keçmişdilər. Çox yorulmuşdular, istirahətə ehtiyacları var idi. Görünür, lap yaxşı dincəliblər. Oyun və heyət baxımından çatışmazlıqlar var idi. Qarşıdakı görüşə hazırlaşacağıq. Açığı, normal hazırlıq üçün heç vaxtımız da yoxdur".

Təcrübəli baş məşqçi "Zirə" ilə əvvəlki matçda 7:0 hesablı qələbənin futbolçularda arxayınlıq yaratdığını istisna etməyib: "Amma çalışırıq ki, belə halları aradan qaldıraq. Bəlkə də futbolçularda mənim hiss etmədiyim arxayınlıq var idi. Bunun üzərində çalışmışdıq. "Zirə"nin sonrakı matçlarına baxmışdıq. Elə oyunları olmuşdu ki, məğlubiyyətə layiq deyildilər, qalib gəlməliydilər. Futbolçularıma daim bu barədə deyirdim".

Qurbanov futbolçuların artıq istirahət haqqında düşündüklərini hiss etdiyini vurğulayıb: "Gözləyirlər, dekabr ayı nə vaxt gələcək ki, istirahət olsun. Amma bu, zarafatdır. Hər bir halda, futbolçular peşəkardırlar. Belə hallar ilk dəfə deyil. Yadınızdadırsa, müsahibələrimdə həmişə demişəm ki, komanda eyni səviyyədə ilboyu oynaya bilməz. Xal itkisi də olacaq, məğlubiyyət də. Qarşıda hələ çox oyun var. Bəzən belə matçların həm mənim, həm də komandam üçün faydası olur".

Mütəxəssis Maksim Medvedevin uzun fasilədən sonra yenidən cinah müdafiəçisi kimi oynamasına da toxunub: "Zədədən sonra az oyun keçirmişdi. Hazırlığı yaxşı səviyyədə deyildi. Amma bu gün öz təcrübəsindən istifadə etdi. Orada oynadacağım oyunçum yox idi. Marko Veşoviç millinin düşərgəsində zədələnib. Abbas Hüseynov oyuna iki gün qalmış sıradan çıxdı. Ona görə orada Medvedevə şans verdim və o da yaxşı təsir bağışladı. Çıxışından razı qaldım".

O, XVI turda qarşılaşacaqları "Neftçi" komandasının güclənib-güclənməməsi ilə bağlı suala isə belə cavab verib: "Neftçi" həmişə güclüdür. Bizim oyunlarımız tam fərqli məcrada keçir. Bu komanda həmişə çempionatımızın liderlərindən biri olub" (report).