Messi Maradonanın rekordunu qırdı

 01:25 01.12.2022     322

Argentina millisinin futbolçusu Lionel Messi dünya çempionatlarında meydana çıxdığı oyun sayı baxımından həmyerlisi Dieqo Maradonanın rekordunu yeniləyib.

Redaktor.az xəbər verir ki, Qətərdə keçirilən mundialda Polşaya qarşı C qrupunun III tur matçı 35 yaşlı hücumçu üçün 22-ci olub. Maradonada isə bu göstərici 21-dir.

Qeyd edək ki, Argentina millisi dünya çempionatında 1/8 finala yüksəlib.

Cənubi Amerika təmsilçisi buna Polşa yığmasını 2:0 hesabı ilə məğlub etməklə nail olub.

Görüşdə hər iki qol 2-ci hissədə vurulub. 46-cı dəqiqədə Aleksis Makallister, 68-ci dəqiqədə isə Xulian Alvares fərqlənib.

Bu nəticədən sonra xallarını 6-ya çatdıran Argentina millisi qrup birincisi kimi pley-offa adlayıb və Avstraliyaya rəqib olub.