Messi 1001-ci oyununda Pelenin rekordunu qırdı

 02:38 10.12.2022     629

Argentina millisinin kapitanı Lionel Messi əfsanəvi braziliyalı Pelenin dünya çempionatlarının pley-off mərhələlərində ən çox assist etmə rekordunu qırıb.

Redaktor.az xəbər verir ki, ulduz futbolçu bunu DÇ-2022-nin 1/4 final mərhələsində Niderlandla oyunda bacarıb.

Nahuel Molinanın 35-ci dəqiqədə vurduğu qolun məhsuldar ötürməsini verən 35 yaşlı hücumçu pley-offlarda 5-ci assist müəllifi olub. Ona qədər Pele 4 qol ötürməsi ilə rekordçu idi.

Messi mundialların bütün mərhələlərində ümumi assist saynı isə 7-yə çatdırıb. Bununla o, hazırda Qjeqoj Lato (Polşa) və Pyer Littbarski (Almaniya) ilə birlikdə ikinci sıranı bölüşdürür. Messi hazırda dünya çempionatlarında ən çox məhsuldar ötürmə sahibi olan həmyerlisi Dieqo Maradonadan 1 assist geri qalır.

Maradona mundiallarda aktivinə 8 qol ötürməsi yazdırıb.

Qeyd edək ki, Niderland-Argentina matçı Cənubi amerikalıların 2:2 (4:3 penalti) hesablı qələbəsi ilə başa çatıb. Argentinanın əsas hissədə vurduğu qolların müəllifinin biri Messi olub. O, bununla da karyerasında 790-cı qolunu vurub.

Bu matç həm də Messinin karyerasında 1001-ci oyun olub.

Xatırladaq ki, Lionel Messi "Barselona"nın heyətində 778 oyuna 672 qol, PSJ-nin heyətində 53 oyuna 23 qol, Argentina millisinin heyətində isə 170 oyuna 95 qol vurub. Ulduz futbolçu karyerasında 349 məhsuldar ötürmə edib.

Onu da əlavə edək ki, argentinalı futbolçu hazırda davam edən dünya çempionatında rəqib qapılarından 4 qol keçirib.

Qeyd edək ki, Argentina ilə Xorvatiya arasında DÇ-2022-nin yarımfinal oyunu dekabrın 13-də keçiriləcək. Messi bu oyunda iştirak etməklə Maradonanın daha bir rekordunu qıra bilər...

Turan İSMAYIL