“Qarabağ” “Qəbələ”ni 1 qolla məğlub etdi

 20:56 13.12.2022     419

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.

Redaktor.az xəbər verir ki, günün ikinci matçında “Qarabağ” “Qəbələ”ni qəbul edib.

Beş gün əvvəl “Azersun Arena”da Azərbaycan Kubokunun 1/4 final mərhələsində üz-üzə gələn komandalar bu dəfə çempionat çərçivəsində eyni məkanda qarşılaşıblar. Birinci hissəsi qolsuz keçən görüşün taleyini fasilədən sonra vurulan top həll edib. Ramil Şeydayev 68-ci dəqiqədə penaltidən fərqlənərək, “Qarabağ”a 1:0 hesablı qələbə qazandırıb.

Bu nəticədən sonra xallarının sayını 47-yə çatdıran Ağdam təmsilçisi qış fasiləsinə lider kimi yollanmağı təmin edib. “Qəbələ” isə aktivindəki 24 xalla 5-ci pillədə qalıb.

Günün digər görüşündə “Şamaxı” ilə “Zirə” qolsuz bərabərə qalıb.

XVII turun “Kəpəz” – “Sabah” və “Sumqayıt” – “Səbail” oyunları dekabrın 14-də, “Turan Tovuz” – “Neftçi” matçı isə dekabrın 15-də baş tutacaq.