Argentina darmadağınla finala çıxdı - DÇ-2022

 00:58 14.12.2022     1211

Qətərdə keçirilən dünya çempionatında ilk finalçı müəyyənləşib.

Redaktor.az xəbər verir ki, yarımfinal oyununda Xorvatiya yığmasını 3:0 hesabı ilə darmadağın edən Argentina millisi həlledici qarşılaşmaya vəsiqə qazanıb.

Görüşdə ilk qol 34-cü dəqiqədə vurulub. Penaltini dəqiq yerinə yetirən Lionel Messi Cənubi Amerika təmsilçisini hesabda önə keçirib. Cəmi 5 dəqiqə sonra Xulian Alvares bir neçə rəqibini geridə qoyaraq, 2-ci topu rəqibin qapısından keçirib. İlk hissə "tanqoçular"ın 2:0 hesablı üstnülüyü ilə yekunlaşıb.

İkinci yarıya da fəal başlayan argentinalılar 69-cu dəqiqədə Avropa təmsilçisini 3-cü dəfə cəzalandırıb. Dubl edən Alvares yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, Argentina millisinin finaldakı rəqibi Fransa - Mərakeş cütünün qalibi olacaq. Turnirin həlledici oyunu dekabrın 18-də keçiriləcək.

***

Qətərdə keçirilən dünya çempionatında Argentina və Xorvatiya yığmaları arasında yarımfinal oyununda 3-cü qol vurulub.

Redaktor.az xəbər verir ki, 69-cu dəqiqədə Lionel Messinin ötürməsindən sonra Xulian Alvares rəqibi 3-cü dəfə məyus edib. Bu, sonuncunun 2-ci qolu olub.

***

Qətərdə keçirilən dünya çempionatının yarımfinal mərhələsinin Argentina - Xorvatiya matçında ilk hissə başa çatdı.

Redaktor.az xəbər verir ki, Argentina fasiləyə 2:0 öndə yollanıb.

***

Argentina və Xorvatiya yığmaları arasında yarımfinal oyununda iki qol vurulub.

Redaktor.az xəbər verir ki, 34-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Lionel Messi Cənubi Amerika təmsilçisini hesabda önə keçirib. 

Görüşün 38-ci dəqiqəsində Argentina millisi hesab arasında fərqi artırıb - 2:0. Bu dəfə Xulian Alvares adını qol siyahısına yazdırıb.

***

Dünya çempionatında Argentina və Xorvatiya yığmaları arasında keçirilən yarımfinal oyunu başlayıb.

Redaktor.az xəbər verir ki, "Lusail" stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

***

Qətərdə keçirilən dünya çempionatının yarımfinal oyununda üz-üzə gələcək Argentina və Xorvatiya yığmalarının start heyətləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

Argentina: Emiliano Martines, Nauel Molina, Kristian Romero, Nikolas Otamendi, Entso Fernandes, Leandro Paredes, Nikolas Talyafiko, Aleksis Makkallister, Rodriqo De Paul, Lionel Messi, Xulian Alvares

Xorvatiya: Dominik Livakoviç, Yosip Yuranoviç, Deyan Lovren, Yoşko Qvardiol, Borna Sosa, Marselo Brozoviç, Mateo Kovaçiç, Luka Modriç, Mario Paşaliç, İvan Perisiç, Andre Kramariç

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.