“Bizim üçün çətin il olacaq” - Fərid Qayıbov

 13:37 05.01.2023     367

“Bizim üçün çətin il olacaq”.

Redaktor.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov “Birlikdə üzək” adlı üzgüçülük yarışının qaliblərinin mükafatlandırma mərasimində deyib.

Nazir bildirib ki, bu, yeni ildə keçirilən ilk tədbirdir: “Yarış əslində dekabrda keçirilib. Sadəcə, bu gün mükafatlandırma mərasimi oldu. Yarış ölkənin 30 hovuzunda baş tutdu. Bakı ilə yanaşı, digər regionlarda da qaliblərin olması xoş haldır. 9 yaşdan 76 yaşlı idmançıya qədər 1000-dən çox qadın və kişilər bu turnirdə iştirak etdilər. Yeni ilə xoş medallarla başlayırıq”.

Gənclər və idman naziri üzgüçülüyün önəmindən bəhs edib: “Cənab Prezidentin bu sahədə tapşırıqları var idi. Düşünürəm ki, ötən il onun tapşırıqlarını yerinə yetirə bildik. Qış mövsümündə regionlarımızdakı Olimpiya Komplekslərində hovuzlar işləməyə başladı. Bunun nəticəsini artıq görürük. İlk dəfə belə bir yarış keçirdik. Düşünürəm ki, bu, ənənəvi hal alacaq. Müxtəlif fikirlərimiz var. Alındıqdan sonra onları da elan edəcəyik. Bu istiqamətdə işlərimizin davamı olacaq”.

F. Qayıbov 2023-cü ildə bir sıra idman layihələrinin olacağını sözlərinə əlavə edib: “Layihələrimiz çoxdur. Ötən ildən qalan layihələrimiz də var ki, onları yanvarda keçirəcəyik. Ümumiyyətlə, ilboyu müxtəlif tədbirlərimiz olacaq. Bu il Azərbaycan bir çox irimiqyaslı yarışlara ev sahibliyi edəcək. Dünya və Avropa çempionatları, “Formula 1” üzrə Azərbaycan Qran-prisi olacaq. 2024-cü ildə Parisdə Yaya Olimpiya Oyunları təşkil ediləcək. İdmançılarımız olimpiadaya hazırlaşmalıdırlar. Çox da asan il olmayacaq. Buna görə də bütün idmançılarımıza can sağlığı arzu edirəm, zədələrdən uzaq olsunlar”.

O, İslam Həmrəyliyi Oyunlarındakı işçi qrupunun iyunun 21-də Polşada start götürəcək Avropa Oyunlarında da fəaliyyət göstərəcəyini vurğulayıb: “İşçi qrupumuz var, İslam Həmrəyliyi Oyunlarındakı təşkilatçılarla indikilər, demək olar ki, eyni adamlardır. Medianın da Avropa Oyunlarında fəal iştirakına çalışacağıq. Təəssüf ki, bəzi idman növləri Avropa Oyunlarında olmayacaq. Əvəzində yeni idman növləri var. Polşadakı yarışda hansı heyətlə iştirak edəcəyimiz yəqin ki, 1-2 aydan sonra bilinəcək. İndi nəsə demək üçün tezdir. Həmin ərəfələrdə Avropa çempionatları olacaq. Bu üzdən müxtəlif növlərdə əsas heyət üzvlərinin iştirak edib-etməyəcəyinə baxacağıq”.