Stadionda elektrik kəsildi - Ronaldonun matçı təxirə salındı

 17:34 05.01.2023     411

Futbol üzrə Səudiyyə Ərəbistanı çempionatının 12-ci turunun yanvarın 5-də Ər-Riyadda keçirilməli olan “Əl-Nəsr” – “Əl-Tai” matçı yanvarın 6-na təxirə salınıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə cümə axşamı çempionatın mətbuat xidməti məlumat yayıb.

Qərar güclü yağış nəticəsində Əl-Nasra stadionunda elektrik enerjisinin kəsilməsi ilə əlaqədardır. Görüş cümə günü Bakı vaxtı ilə saat 19:00-da baş tutacaq.

Qeyd edək ki, dekabrın 31-də Əl-Nəsr portuqaliyalı hücumçu Kriştiano Ronaldonun transferini elan edib, yanvarın 4-də futbolçu komanda ilə ilk məşqinə çıxıb.

Ronaldonun 37 yaşı var, o, beşqat “Qızıl top”un qalibi, beşqat Çempionlar Liqasının qalibi, Avropa çempionu, Millətlər Liqasının qalibidir. Portuqaliyalı milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası, Klublararası Dünya Çempionatı və "Real Madrid" tarixində ən çox qol vuran futbolçudur. O, karyerası ərzində Portuqaliyanın “Sportinq”, İngiltərənin “Mançester Yunayted”, İspaniyanın “Real” və İtaliyanın “Yuventus” klublarında çıxış edib.

“Əl-Nəsr” 26 xalla Səudiyyə Ərəbistanının turnir cədvəlinə başçılıq edir. Əl-Tai 18 xalla altıncıdır.

Turan ASLAN