“Barselona”ya qol vuran ilk azərbaycanlıyam” - Millinin keçmiş oyunçusu
“Barselona”ya qol vuran ilk azərbaycanlıyam”
Redaktor.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan milli komandası və “Araz-Naxçıvan” klubunun keçmiş oyunçusu Rəcəb Fərəczadə Futzal Federasiyasının rəsmi saytına müsahibəsində deyib.
O, karyerasındakı ən unudulmaz oyunlardan bəhs edərkən 2011-ci ildə UEFA kuboku çərçivəsində “Araz-Naxçıvan”la “Barselona”ya qarşı keçirdikləri matçı vurğulayıb: “İspaniyada onlara qarşı 2:2 hesablı heç-heçə etmişdik və qollardan birini mən vurmuşdum. Hətta baş məşqçimiz bu cür oynayacağımızı gözləmirdi”.
R.Fərəczadə Sloveniya millisi ilə AÇ-2014-ün final mərhələsində keçirilən oyun haqda da danışıb: “1:5 hesabı ilə yenik durumda idik, amma yekunda 7:6 hesablı qələbə qazandıq. İdmançı karyerası elədir ki, uğurlu oyunlarınla bərabər, xatırlamaq istəmədiyin matçların da olur. Unutmayacağım qarşılaşmaların siyahısına erməniləri udduğumuz duel başçılıq edir. Bunlar yaxşı mənada seçilən oyunlarımızdı”.
Keçmiş futzalçı nəticəsinə görə təəssüfləndikləri görüşləri də unutmayıb: “2008-ci ildə dünya çempionatının final mərhələsinə çıxmaq uğrunda oyunda Çexiya yığmasından son saniyələrdə buraxdığımız qol bizi məyus etdi. Halbuki oyun heç-heçə başa çatsaydı, birbaşa DÇ-nin final mərhələsinə yollanacaqdıq”.