“Yuventus” İtaliya çempionatında 15 xaldan məhrum edildi

 12:11 21.01.2023     475

İtaliya Futbol Federasiyasının (FIGC) prokurorluğu maliyyə fırıldaqlarına görə Turin “Yuventus”unu ölkə çempionatının cari mövsümündə 15 xaldan məhrum edib.

Redaktor.az xəbər verir ki, Federal Apellyasiya Məhkəməsində sözü gedən klubun maliyyə fırıldaqları işi üzrə məhkəmədə dinləmələr keçirilib.

FIGC prokurorluğu Turin komandasının 9 xaldan məhrum edilməsini, həmçinin bir sıra klub funksionerlərinin futboldan uzaqlaşdırılmasını tələb edib.
"Federal Apellyasiya Məhkəməsi prokurorun şikayətini qismən təmin edib. "Yuventus"a qarşı cari futbol mövsümündə 15 cərimə balı şəklində sanksiyalar nəzərdə tutulub", - deyə məlumatda bildirilir.

Bununla da turinlilər İtaliya çempionatının turnir cədvəlində üçüncü pillədən 10-cu yerə enib. İndi onun 37 əvəzinə 22 xalı var.

Apellyasiya Məhkəməsi həmçinin 11 "Yuventus" rəsmisinin futbol fəaliyyətinə məhdudiyyət qoyulması barədə qərar çıxarıb. Onların arasında direktor Fabio Paratiçi (30 aylıq), eks-prezident Andrea Aqnelli, keçmiş icraçı direktor Mauritsio Arrivabene (hər biri 24 aylıq) və vitse-prezident Pavel Nedved isə (8 aylıq) futboldan uzaqlaşdırılıb.

Klubun rəsmi saytı xəbər verir ki, "Yuventus" hökmdən İdman Zəmanət Komitəsinə apellyasiya şikayəti vermək niyyətindədir.

Bundan əlavə, məhkəmə qalmaqalda iştirak edən digər 8 klubun - Sampdoriya, Pro Verçelli, Genoa, Parma, Piza, Empoli, Novara və Peskara, eləcə də onların direktorları və menecerlərinə bəraət hökmünü təsdiqləyib.

Tunar Altunbay