"Qarabağ"a Çempionlar Liqasında oynamaq üçün keçmişdim" - Norveçli hücumçu

 19:59 24.01.2023     439

"Çempionlar Liqasında oynamaq istəyirdim, ona görə də icarə əsasında "Olimpiakos"dan "Qarabağ"a keçdim".

Redaktor.az xəbər verir ki, bunu "Qarabağ"ın sabiq futbolçusu Tarik Elyunussi Ağdam təmsilçisinə transferi ilə bağlı "eurosport.no" saytına müsahibəsində deyib.

Norveçli hücumçu bildirib ki, ayağından aldığı ağır zədə ona Azərbaycan klubunda öz oyununu göstərməyə imkan verməyib: "Açığı, bu qədər ciddi olacağını düşünmürdüm. "Qarabağ"da cəmi 7 oyun keçirməyim hər şeyi ifadə edir. Ayaq biləyim çox pis zədələnmişdi. Halbuki zədə almamaq üçün əlimdən gələni etdim, amma alınmadı".

2017/2018 mövsümündə "köhlən atlar"la Azərbaycan çempionu olan 35 yaşlı forvard bu titulun karyerasında xüsusi yer tutduğunu söyləyib. "Amma İsveç AİK-i ilə qazandığım qızıl medal mənim üçün daha dəyərlidir. Çünki oraya məhz qalib gəlmək məqsədi ilə getmişdim. İnanılmaz hisslər idi".

Qeyd edək ki, 2017/2018 mövsümündə "Qarabağ"ın formasını geyinən Tarik Elyunussi hazırda Yaponiyanın "Syonan Balmare" komandasında çıxış edir.