Azərbaycanın olimpiya çempionunun məhkəməsi başladı

 19:12 01.02.2023     310

Azərbaycanın tanınmış güləşçisi, yeniyetmələr arasında olimpiya çempionu, I Avropa Oyunları, Avropa və dünya çempionatının mükafatçısı Elman Muxtarovun cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

Redaktor.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili Taleh İbrahimov bildirib ki, müvəkkilinin cinayət əməlinin olması təsdiq olunmur və özünü 181-ci maddə ilə təqsirli bilmir.

Məhkəmənin növbəti iclası fevralın 7-nə təyin edilib.

Qeyd edək ki, E.Muxtarov 2022-ci il iyulun 12-də paytaxtın Nizami rayonu ərazisində yaxın münasibətdə olduğu Günay Əliyevanın (ad, soyadı şərti) həyat yoldaşı Zamiq Əliyevin (ad, soyadı şərti) üz nahiyəsinə bıçaqla xəsarət yetirib.