35 ölkə rusların 2024-cü il Olimpiadasına buraxılmasına qarşı çıxdı

 19:38 10.02.2023     443

35 ölkə, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və Polşa da daxil olmaqla, 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına Rusiya və Belarus idmançılarının buraxılmasına qarşı çıxıb.

Redaktor.az "Reuters"ə istinadla xəbər verir ki, Litvanın təhsil, elm və idman naziri Yurqita Şyuqjdinene 2024-cü il Olimpiadasında ruslar və belarusların iştirakına qarşı çıxan ölkələrin koalisiyasını elan edib.

O, qeyd edib ki, bu qərarı təbliğ etmək üçün Olimpiya Oyunlarını boykot etmək lazım olmayacaq.

Xatırladaq ki, bundan əvvəl Polşa Rusiya və Belarus yığmalarının 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakına qarşı koalisiya yaratmaq niyyətində idi. Polşanın idman naziri Kamil Bortniçuk bildirmişdi ki, Rusiya və Belarus idmançılarının 2024-cü il Olimpiadasında iştirakına icazə verilərsə, Varşava “ultimatum verə bilər”. O, qeyd etmişdi ki, “Polşa və Böyük Britaniya Rusiya və Belarusun Parisdə keçiriləcək Oyunlarda iştirakına qarşı koalisiya qurmaq səylərində ön sıralardadır”.

Turan İSMAYIL