"Sabahkı oyunda kimin qalib gəlməsi önəmli deyil" - Tahir Gözəl

 19:35 25.03.2023     969

"Sabahkı matçda kimin qalib gəlməsi önəmli deyil. Əsas odur ki, iki qardaş ölkənin çempion klubları dəstək üçün üz-üzə gəlir. Bu, məni çox sevindirir".

Redaktor.az xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl Bakıda Türkiyə "Qalatasaray"ına qarşı keçirəcəkləri xeyriyyə oyunundan öncə jurnalistlərə açıqlamasında deyib.

Funksioner bildirib ki, Türkiyədəki böyük fəciədən sonra Azərbaycan dövləti, xalqı öz həmrəyliyini və möhtəşəm qardaşlıq iradəsini göstərib: "Oraya çox böyük yardımlar edildi. Sevinirəm ki, "Qarabağ" və "Qalatasaray" klubları belə çətin gündə dəstək üçün bir araya gəlirlər. Bu möhtəşəm matçı təşkil etmək imkanı qazandıq".

O, stadionda çox gözəl ab-hava olacağını söyləyib: "İnsanların əlində 20 min Azərbaycan və eyni sayda Türkiyə bayrağı dalğalanacaq. Düzdür, qeyri-adi haldır, bəzi aparıcı oyunçularımız yoxdur, icarəyə verdiyimiz bəzi futbolçuları geri çağırdıq. Amma əsas olan bu görüşün baş tutmasıdır".

T. Gözəl bu görüşün keçirilməsi təşəbbüsünün "Qarabağ"dan gəldiyini vurğulayıb: "Qarşı tərəf də məsələyə müsbət yanaşdı. Biz belə bir oyunun keçirilməsini çoxdan istəyirdik. "Beşiktaş"la da söhbətlərimiz oldu. Amma "Qalatasaray" daha konkret addım atdı və biz arzumuzu gerçəkləşdirdik. Bu, daha əvvəl olmalı idi. Amma qismət bu günə imiş".

Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.