Prezident və xanımı “Qarabağ” – “Qalatasaray” oyununda 

 20:15 26.03.2023     396

Martın 26-da Bakı Olimpiya Stadionunda Ağdamın “Qarabağ” və İstanbulun “Qalatasaray” komandaları arasında xeyriyyə oyunu keçirilir.

Redaktor.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva stadionda oyuna baxırlar.

Bu oyun qardaş Türkiyədə baş vermiş “Əsrin fəlakəti”nin - güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə təşkil olunub. Görüşdən əldə olunacaq bütün gəlirlər zəlzələdən əziyyət çəkənlərə yardım üçün Türkiyəyə göndəriləcək. Oyun üçün satışa çıxarılmış 62 mindən çox biletin hamısının qısa müddətdə satılması bu qarşılaşmaya göstərilən böyük maraqla yanaşı, Azərbaycan xalqının çətin gündə qardaş Türkiyə ilə sarsılmaz həmrəylik nümayiş etdirməsinin də əyani təsdiqidir.