“Messi tarixin ən böyük futbolçusudur” - Teymur Rəcəbov

 18:46 31.03.2023     372

“Lionel Messi tarixin ən böyük futbolçusudur”.

Redaktor.az xəbər verir ki, bunu azərbaycanlı şahmatçı Teymur Rəcəbov “championat.com” saytına müsahibəsində deyib.

O, Argentina millisinin kapitanını Portuqaliya yığmasındakı həmkarı Kriştianu Ronaldu ilə müqayisə edib. Qrossmeyster 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının bu baxımdan həlledici olduğunu düşünür: “Dünya çempionluğundan sonra Messinin ən yaxşı olmasına heç bir şübhə yoxdur. Mundialdan əvvəl Kriştianuya üstünlük verirdim. Lakin finalda Fransaya qalib gəldikdən sonra Messi hər şeyi hamıya sübut etdi”.

36 yaşlı şahmatçı böyük futbol turnirlərinin final mərhələlərini izlədiyini bildirib: “Qətərdəki mundiala baxdım. Həmişə olduğu kimi, Braziliyaya azarkeşlik edirdim. Əgər Azərbaycan millisi dünya çempionatında olsaydı, öz komandamı dəstəkləyərdim. Azarkeşlik etdiyim komanda mübarizəni dayandırdıqdan sonra konkret futbolçulara baxırdım. Məsələn, Kilian Mbappenin oyununa baxmamaq, sadəcə, mümkün deyil. Onun və Lionel Messinin meydanda etdikləri fantastikdir. Messiyə görə şadam ki, parlaq karyerasında artıq hər şeyi qazanıb”.

Rəcəbov işinə peşəkar yanaşma baxımından Ronaldunu digərlərindən fərqləndirib: “Mən Ronalduçuyam. Bir məqalədə Kriştianunun bədəninə necə qulluq etdiyini, hər uçuşdan sonra buz vannası qəbul etdiyini, “Real Madrid”də məşqə birinci gəldiyini və s. oxumuşdum. O, super peşəkardır. Qazandığı titullara tamamilə layiq olan tarixi şəxsiyyətdir. Belə insanlar yüz milyonlarda birdir. Ronaldo insanın nələrə nail ola biləcəyinin nümunəsidir. Məndə belə bir hiss var ki, onun karyerası heç də bacardığı kimi bitmir. Çox şey əldə etdi, dünya çempionluğundan başqa. Futbol komanda oyunudur. Qətərdə Argentina millisi əla oynadı. Bəxtdən də çox şey asılıdır. Əgər fransızlar son saniyələrdə yüz faizlik şansını qola çevirsəydilər, indi deyəcəkdik ki, Messi heç vaxt dünya çempionu olmayacaq. İndi bu titulu Ronaldo qazanmayacaq. Amma onun gözəl idman həyatı olub”.

O, futbolla yanaşı, başqa idman növlərini də izlədiyini vurğulayıb. Rəcəbov uşaqlıqda “Formula 1” yarışlarına maraqla baxdığını deyib: “Xüsusən də, Ayrton Senna və Mixael Şumaxeri dəstəkləyirdim. Dəfələrlə Bakıda keçirilən “Formula 1” yarışlarına dəvət almışam, lakin çox vaxt iştirak etdiyim turnirlərlə üst-üstə düşürdü. Buna baxmayaraq, bir dəfə paytaxtdakı “Kral yarışları”na baxa bildim. Elit tamaşa idi. Xüsusən də pit-stoplar. Adam inana bilmir. Bulvarboyu uzanan düz xətt və döngələrin çox olduğu trekdə maraqlı mübarizə baş tutur” (report).