Əliyar Ağayev yunan klublarına "toy tutdu"

 23:40 12.04.2023     530

Azərbaycanın FIFA referisi Əliyar Ağayev "Olimpiakos" və AEK komandaları arasında Yunanıstan Kubokunun yarımfinal mərhələsinin təxirə salınmış cavab oyununu idarə edib.

Redaktor.az xəbər verir ki, qarşılaşma Pirey təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1. Buna baxmayaraq, ilk matçda rəqibinə 0:3 hesabı ilə uduzan meydan sahibləri ölkə kubokunda mübarizəni dayandırıblar.

Ağayev görüş ərzində 11 futbolçuya sarı vərəqə göstərib. 36 yaşlı ədalət təmsilçisi "Olimpiakos"dan 6, AEK-dən isə 5 oyunçunu cəzalandırıb. Həmçinin, qonaq komandanın 70-ci dəqiqədə vurduğu qol VAR-a baxıldıqdan sonra ofsayd səbəbindən ləğv edilib.

Bundan başqa, azərbaycanlı baş hakim 27-ci dəqiqədə oyunu dayandıraraq, oruc tutan müsəlman futbolçuların iftarı açmalarına şərait yaradıb.