AFFA "Qalatasaray"da oynayan gəncimizə niyə laqeyddir? - AÇIQLAMA

 13:29 15.04.2023     518

Ötən il Azərbaycan idmanı, ələlxüsus uşaq futbolu üçün mühüm hadisə baş verdi.

Redaktor.az xəbər verir ki, 12 yaşlı futbolçu Kənan Həsənovun "Qalatasaray"ın lisenziyasına sahib olaraq bu klubun akademiyasına qəbul olunması ölkə idmanı adına vacib olaylardan biri oldu. O, "Cim-bom"da rəsmi olaraq çıxış edən ilk azərbaycanlı futbolçudur. Kənan bu gün İstanbul təmsilçisinin U-12 komandasında top qovur, özünü inkişaf etdirir. 

Amma Həsənov və ailəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) şikayətlənir. Belə ki, qurumun Azərbaycan futbolunun gələcəyi ola biləcək azyaşlı ilə maraqlanmadığı bildirilib. Yeniyetmə futbolçunun Feysbuk hesabında paylaşılan statusda AFFA-nın Kənanla bağlı edilən müraciətlərə baxmadığı qeyd olunub. Bu da Həsənovlar ailəsini narazı salıb. Kənan və valideynləri ölkənin 1 nömrəli futbol qurumu tərəfindən ona mənəvi dəstək göstərilməməsindən gileylənirlər.

Həmin paylaşımı diqqətinizə çatdırırıq:

"Çox təəssüf ki, özümüzü sahibsiz, yəni, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA-sız hiss edirik. Dəfələrlə müraciət etməyimizə baxmayaraq, ən azından bir cavab yazmağı belə özünüzə sığışdırmırsınız. Bu davranışlarla uşaq futbolunun inkişaf edəcəyini gözləyirsiniz? İnanın, artıq bu yaşda yeni futbola başlamadan futbolu buraxmaq istəyirik. Onsuz da, sahibsiz insana sahib çıxan olmur".

Offsideplus.az-a danışan Kənanın atası, övladının futbola böyük həvəsi olduğunu və özünü sonadək bu sahədə görmək istədiyini bildirib. O, AFFA-dan mənəvi dəstək görmədikcə, Kənanın xəyal qırıqlığına uğradığını və motivasiyadan düşdüyünü söyləyib. Ailə başçısı, bu təqdirdə, oğlunun futboldan uzaqlaşmaq riskinin olduğunu da deyib.

Mövzu ilə bağlı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla açıqlamasında bu məsələdən xəbərdar olduqlarını və artıq Kənanın ailəsi ilə əlaqə saxlanıldığını bildirib:

"AFFA bu cür müraciətlərə hər zaman cavab verir. Əgər müraciət ünvanına çatırsa, cavabsız qoyulmur. Bu məsələdən xəbərdarıq. Artıq Kənanın valideyni ilə əlaqə də saxlanılıb".