Paşinyan özü də orda idi... - Ermənistandan qayıdan idmançımız

 23:31 15.04.2023     383

“Ermənilər bir daha öz zəifliklərini göstərdilər, bizimlə idman meydanında rəqabət aparmaqdan qorxdular”.

Redaktor.az xəbər verir ki, bunu Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatından imtina edərək Vətənə qayıdan ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü İsa Rüstəmov (67 kq) Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

İdmançı bildirib ki, İrəvandakı yarışa həm fiziki, həm də psixoloji cəhətdən çox ciddi hazırlaşmışdılar:

“Təəssüf ki, açılış mərasimində bayrağımıza qarşı təxribat oldu. Ermənistanın baş naziri Nikol Paşinyan özü də açılış mərasimində idi. Buna baxmayaraq, təxribat törətdilər. Özlərini bütün dünyaya rüsvay elədilər”.

O, 2015-ci ildə Azərbaycanda keçirilən Avropa Oyunlarında ermənilərin iştirak etdiklərini də xatırladıb: “Onlar əsl qonaqpərvərliklə qarşılanmışdılar. İstənilən halda İrəvandan qalib dövlətin qalib idmançıları kimi qayıtdıq. Bizə dəstək nümayiş etdirdiyi üçün cənab prezidentimizə, birinci vitse-prezidentimizə və xalqımıza təşəkkürümüzü bildiririk”.

Qeyd edək ki, Avropa çempionatının aprelin 14-də keçirilən açılış mərasimində Azərbaycan bayrağı yandırıldığından, Azərbaycan millisi yarışdan imtina edib.

 

Oxu24.com