Ermənistandan bayrağımızın yandırılması ilə bağlı rəsmi AÇIQLAMA

 19:12 17.04.2023     464

"İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılışında Azərbaycan bayrağının yandırılması ilə bağlı insident narahatlıq doğursa da, bu, nə yarışın gedişinə, nə də Azərbaycan idmançılarının təhlükəsizliyinə təsir göstərməyib".

Redaktor.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bu barədə Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin bəyanatında deyilir.

Nazirlik qeyd edir ki, insident operativ şəkildə aradan qaldırılıb, insident Ermənistan hakimiyyətinin mövqeyini ifadə etmir və idman etikasının universal prinsiplərinə (Fair Play) uyğun gəlmir.

"Eyni zamanda, Azərbaycan komandasının çempionatı tərk etmək qərarını təəssüflə qeyd edirik. Ermənistan Respublikası nümayəndə heyətləri üçün bütün təhlükəsizlik tələblərini təmin edib və təmin etməkdə davam edir və Azərbaycan idmançıları üçün əlavə təhlükəsizlik tədbirləri ilə bağlı öhdəliklərini yerinə yetirib. Bu, onların iki günə yaxın Ermənistanda tam təhlükəsiz şəraitdə olması və onların qərarından sonra təhlükəsiz çıxışlarının təmin edilməsi buna sübutdur”, - deyə məlumatda bildirilir.

Nazirlik iddia edir ki, idmançılar üçün yaradılan şərait, eləcə də digər təşkilati məsələlərin həlli beynəlxalq tərəfdaşlar tərəfindən ən yüksək reytinqə layiq görülüb: "Çoxsaylı rəylərə görə, Ermənistanda keçirilən Avropa çempionatı təşkilatçılıq səviyyəsinə görə dünya çempionatı ilə müqayisə oluna bilər".

Xatırladaq ki, aprelin 14-də İrəvandakı İdman-Konsert Kompleksində Avropa çempionatının təntənəli açılış mərasimində Azərbaycan bayrağı bayraqdarın əlindən alınaraq yandırılıb. Bayrağı Ermənistanın məşhur dizayneri Aram Nikolyan yandırıb. İlkin məlumatlara görə, o, tədbirin təşkili ilə məşğul olub.

Turan İSMAYIL